Şrift:
Toratan: “Heç vaxt sevgidən oxumadım. Uşaqlıqdan məni yandıran Qarabağ dərdi var”
16.11.2012 [11:39] - Müsahibə, Güney Azərbaycan-Təbriz
Tanınmış Milli Hərəkat fəalı, məşhur Reper Ramin Toratanın “Gündəlik Teleqraf” qəzetinə verdiyi Müsahibəni olduğu kimi təqdim edirik:

“Ramin Toratan repçidir, eyni zamanda maraqlı həmsöhbətdir. Yaşının az olmasına baxmayaraq, fikri, məqsədi dərindir. Qarabağı çox sevir, deyir, uşaq çağımı Qarabağ dərdindən ağlamaqla keçirdim.

O, 1990-cı il mayın 8-də İranın Səlmas şəhərində doğulub. Orta təhsili bitirdikdən sonra universitetə daxil olub, memarlığı oxuyub. Qəlbindəki üsyan onu memarlığa yox, repə çəkib.

- Musiqiyə həddindən artıq həvəsim vardı, ona görə məni özünə çəkdi. Mən də rep janrını seçdim. Musiqiyə gəlişim qəfil olmadı. Buna təsadüf demək düz deyil, çünki uşaqlıqdan rəsm də çəkirdim. Ümumiyyətlə, məndə yaradıcılıq qabiliyyəti uşaqlıqdan var idi.


- Niyə məhz rep janrını seçdiniz?

- 14 yaşımda ilk Azərbaycan türkcəsinin rep qrupuyla maraqlandım, gördüm ki, Güney Azərbaycanda repçi yoxdur. Həmin ildə “Bura Səlmas” mahnısıyla bütün Güneyə səs saldım. Mən eyni zamanda millətçiyəm. Repə gəlməyimdə bunun da rolu oldu. Çünki İranda farsdillilərin repi vardı, bizim yox. Azəri dilində İranda ilk rep oxuyan mən oldum. Gördüm ki, farscadan oxunan replər bizimkilərə də təsir göstərir. Ana dilimizdə ancaq aşıq havaları var idi. Bu isə gənc nəslin marağında deyil. Mən aşıq mahnılarını da çox sevirəm. Amma gənclər hip-hop janra üstünlük verirlər.



“Bura Səlmas” mahnısı yayılandan 2 il sonra, yəni 2006-cı ildə eyniadlı albomum çıxdı.



- Mahnıların sözlərini özünüz yazırsınız?

- Hamısını özüm yazmışam. 12 ildir yazmaqla məşğulam.



- Konsertləriniz olubmu indiyə qədər?

- Hə, bu vaxtadək 3 yerdə konsert vermişəm. Hər üçü 2011-ci ildə baş tutub. Bir sözlə, 2011-ci il mənim üçün uğurlu il olub. Bakıda, İstanbulda və Ankarada konsertlə çıxış elədim. Bu il isə Bakıya köçdüm.

Ən məşhur mahnılarımdan biri Hatef Mehribanla ifa etdiyimiz “Ölüm hekayəsi”dir. Bu mahnı bütün Azərbaycan musiqi tarixində ilk rep-metal mahnıdır.



- Bakıya ancaq rep oxumaq üçün gəldiniz?

- İranda rep qadağandır. Üstəlik, ana dilində oxuyanları da ölkədən çıxarırlar. Söz yox, rep oxuyanların və bu tip etiraz edənlərin ölkədən bu səbəblərə görə çıxmasına problem yaratmırlar. Çünki istəyirlər bizim kimi düşünən adamlar İranda qalmasın, azalsın. Rep ingilis dilindən tərcümədə sərt tənqid deməkdir. Replə biz siyasi fikirlərimizi daha yaxşı çatdırırıq. Replə siyasi aləmi sərt tənqid edirik.

Onu da deyim ki, rep hip-hop mədəniyyətindən götürülmüş janrdır. Bunu hər kəs oxuya bilər. Mən də Azərbaycan problemlərinə aid mövzuları, bir də farsları söyən mövzunu seçdim, çünki fars repçiləri türklərə öz replərində söyüş söyürdülər. Onlara cavab verən bir adam olmalıydı. Cavablarını verdim, sonra da bu stildən ictimai və siyasi mövzulara keçdim.



- Qarabağla bağlı oxuduğunuz mahnı çox maraqlıdır. Harada çəkmisiniz?

- O mahnını Bakıda bir xanım tərəf-müqabillə oxumuşuq. Dediyim kimi, İranda rep oxumaq qadağandır, qızla bir yerdə klip çəkdirmək də mümkün deyil. Üstəlik, ana dilində mahnı oxumaq üçqat qadağandır.



- İnsan bir yola çıxanda adətən qarşısına bir məqsəd qoyur, düşünür ki, hara qədər gedəcək, harada dayanacaq. Sizin məqsədiniz nədir?

- Milli ruhlu insan olduğuma görə bu sənəti üsyan üçün seçdim. Bu, eyni zamanda bizim gəncləri ayağa qaldırmaq, ayıltmaq üsuludur. Həyatımı bu yolda qoymağa hazıram. Onu da deyim ki, ömrümün sonuna kimi bundan başqa heç bir sənətlə məşğul olmaq fikrim yoxdur.



- Nə dərəcədə nail ola bilirsiz istəyinizə?

- Hədəfim Güney Azərbaycanda repi o səviyyəyə qaldırmaq idi. Buna nail oldum. İlk Azərbaycan dilində hip-hop və modern mahnıları mən başladım. Bu gün Güneydə mənim fanatlarım (tərəfdar), ardımca gələnlər var. Buna sevinirəm.



- Təxəllüsünüz Toratandır. Toratan niyə?

-Toratan hörümçək mənasındadır. Niyyətim bizi istəməyənləri tora salmaqdı.



- Ramin, o tayda oxudunuz, səsinizi bu tayda eşitdik. Bəs dünyaya səsinizi necə çatdıracaqsınız?

- Əslində niyyətim səsimi dünyaya yetirməkdir. Amerikalı repçi Patronla azərbaycanlı repçilərin səsini dünyaya çatdırmaq istəyirik.



- Bizdə sponsor sözü var. Tanınmaq, ortaya çıxmaq üçün mütləq sənətkara maliyyə ayıran sponsor olmalıdır. Sizin sponsorunuz kimdir?



- Güneydə replə qazanc əldə etmək mümkün deyil. Amma bu tayda istəyimə nail oldum. Bütün uğurlarımda Günaz.TV-yə borcluyam. Elə ilk təşkilatçım da, ilk sponsorum da bu televiziya oldu. Hər zaman məni dəyərləndirən, həm mənəvi, həm də maddi baxımdan kömək edən Günaz.TV-dir.



- Bizdə adətən, məşhurlar sintez edirlər, muğamı aşıq mahnısına, aşıq mahnısını repə. Sizin belə bir qarışıq hazırlamaq fikriniz yoxdur?

- Mən Məşədi İbadı repə qatdım, əla sintez alındı. Bu işi İranda olarkən etdim, çox yaxşı qarşılandı.



- Ramin, adətən, o adamlar yaradıcılığa meyl edirlər ki, onlar ürəyincə olmayan uşaqlıq yaşayırlar. Sizin üsyanınıza səbəb nə oldu?

- Uşaqlıqdan məni yandıran bir dərd var, Qarabağ dərdi. Hələ balaca uşaq idim, Qarabağda müharibə gedirdi. Hər gecə orda öldürülən insanları, körpələri düşünüb ağlayırdım. Qarabağ üçün ağlayıb yatırdım. Üstəlik, Səlmasda və Sulduzda kürdlərin davamlı hücumları nəticəsində baş vermiş insan faciələri... Bunları unutmaq mümkün deyil.



- Sizcə, şou narkotik deyil?

- Şou yaxşı yola aparan narkotikdir.



- Gəlin, gələcək planlardan danışaq. Deməli, vətən, Qarabağ, ana dili mövzusunda fikirlərinizi səsləndirmisiz, hətta Məşədi İbadı da sintez eləmisiz. Bəs nə qaldı, bundan sonra nədən və kimdən oxumaq istəyirsiniz?

- Doğrusu deyim ki, heç vaxt sevgidən oxumadım və belə bir fikrim də yoxdur. Çünki məndə sevgi hissi yoxdur. Mən sevə bilmirəm. Hiss o zaman yaranır ki, o barədə düşünürsən və bu düşüncə, istək şüuruna hopur, sonra isə gerçəkliyə çevrilir. İndiyə qədər sevgidən bəhs edən filmə baxmamışam. Amma gələcəkdə amerikalı reper Patronla siyasi mövzuda duetimiz olacaq.
Bu xəbər oxucular tərəfindən 1171 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed