Şrift:
Sığortaçılar Assosiasiyası erməni işğalının Azərbaycanın sığorta bazarına vurduğu zərərləri açıqlayıb
12.11.2020 [10:54] - Gündəm, İqtisadiyyat
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) analitik araşdırma qrupu bu günədək təcavüzkar Ermənistanın işğalı altında olmuş əzəli Azərbaycan ərazilərinin sığorta potensialını araşdırıb.

ASA-dan bildirilib ki, 30 ilə yaxın müddətdə erməni işğalı altında olmuş Azərbaycan əraziləri hər bir iqtisadi sahədə olduğu kimi, sığorta sektoru üçün də böyük potensiala malikdir. Qeyd olunan müddət ərzində Azərbaycan ərazilərinin 20 faizinin işğalda olması sektora əhəmiyyətli dərəcədə itki qazandırıb. Belə ki, bu günədək işğal altında saxlanmış şəhər və kəndlərimizdə 1993-cü il, yəni işğal olunduğu tarixə qədər mövcud olan və erməni vandalları tərəfindən tam yararsız hala salınmış yaşayış və qeyri-yaşayış obyektlərinin cəminə görə Azərbaycan sığorta bazarı sadəcə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə bir ilə 4 milyon 985 min 100 manat, işğal altında olmuş 30 ilə isə 149 milyon 553 min manat yığım təmin edə bilərdi. Bu, sadəcə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə ölkə iqtisadiyyatının sığorta bazarından təmin edə biləcəyi və düşmən işğalı səbəbi ilə itirdiyi maddi vəsaitdir. Bu qəbildən yüklərin sığortası, vətəndaşların fərdi sığortası, eyni zamanda, elektrik, qaz, su kommunikasiya xətlərinin sığortası, kənd təsərrüfatı sığortası, avtomobillərin sığortası, irriqasiya sistemlərinin sığortası və s. nüansları da nəzərə alsaq görərik ki, 30 illik erməni işğalının Azərbaycanın sığorta bazarına vurduğu zərər ümumi həcmdə 1 milyard manata yaxındır.

Azərbaycan Sığortaçılar Assosiasiyası və sığorta bazarının hər bir iştirakçısı birlikdə intensiv olaraq aparacaqları iş nəticəsində bu itkilərin ən tez zamanda bərpa edilməsinə və Azərbaycan iqtisadiyyatının inkişafında bu amilin doğru və uğurlu şəkildə dəyərləndirilməsinə nail olunacaq.
Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed