Şrift:
Leylatəpə mədəniyyətinə həsr olunan monoqrafiya çapdan çıxıb
16.11.2020 [11:39] - Gündəm, Kitab evi
Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyiblinin “Leylatəpə mədəniyyəti” adlı iri həcmli yeni kitabı nəşr olunub.

İnstitutdan bildirilib ki, əsər müəllifin son 15 ildə apardığı elmi araşdırmaların nəticələrini əhatə edir.

Kitab e.ə. V minilliyin sonu - IV minilliyin birinci yarısında – Son Xalkolit dövründə Cənubi Qafqazda, xüsusilə də Azərbaycan ərazisində yayılmış Leylatəpə arxeoloji mədəniyyətinin tədqiqatlarına həsr olunmuş ilk geniş həcmli monoqrafik əsərdir. Qarabağda eyniadlı yaşayış yerinin qazıntıları əsasında kəşf edilmiş Leylatəpə mədəniyyətinin tədqiq olunmuş bütün abidələri əsərdə ətraflı təhlil edilib, bu mədəniyyətin Azərbaycanın qədim tarixində əhəmiyyəti araşdırılıb. Əsərdə uzun illər ərzində arxeoloji qazıntılar aparılmış yaşayış məskənlərinin və qəbir abidələrinin, zəngin maddi mədəniyyət nümunələrinin – keramika, daş, sümük, metal məmulatlarının tədqiqatları əsasında Leylatəpə mədəniyyətinin bütün səciyyəvi xüsusiyyətləri, mənşəyi şərh edilib, Ön Asiya-Qafqaz Xalkolit mədəniyyətləri sistemində tarixi-xronoloji mövqeyi müəyyənləşdirilib. Arxeoloji tapıntıların təhlilləri əsasında Leylatəpə mədəniyyəti əhalisinin təsərrüfat həyatı və sosial durumu şərh edilib. Həmçinin arxeoloji tədqiqatlar nəticəsində əldə edilən tapıntıların dünyanın qabaqcıl elmi laboratoriyalarında aparılmış arxeometrik analizlərinin (radiokarbon, palinoloji, antropometrik və d.) nəticələri də kitabda öz əksini tapıb.

Əsər Leylatəpə mədəniyyətinə aid abidələrin qazıntılarının planlarını, tapıntıların fotolarını və qrafik təsvirlərini əks etdirən çoxsaylı illüstrasiyalarla zəngindir.

Əsərdə göstərilir ki, qədim Azərbaycan əraziləri Son Xalkolit dövründə Şimali Mesopotamiya və Şərqi Anadolu ilə eyni tarixi-mədəni məkana daxil idi və həmin ərazilərdən Cənubi Qafqaza, xüsusilə də Azərbaycan ərazisinə miqrasiyalar nəticəsində Leylatəpə mədəniyyəti meydana çıxıb. Eyni zamanda, beynəlxalq arxeologiya elmində məşhur Maykop mədəniyyətinin mənşə etibarilə Leylatəpə mədəniyyətinə bağlı olması bu monoqrafiyada arxeoloji materiallar əsasında ətraflı şərh edilib.

Kitabın rəyçiləri Rusiya Elmlər Akademiyasının müxbir üzvü Rauf Munçayev və professor Hidayət Cəfərovdur. Leylatəpə mədəniyyətinə dünya elmi dairələrində böyük marağı nəzərə alaraq, gələcəkdə əsərin rus və ingilis dillərinə tərcüməsi planlaşdırılır.

Kitab arxeoloqlar, tarixçilər, ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 225 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed