Şrift:
Masallının çəltik sahələrindən 868 ton məhsul yığılıb
18.11.2020 [10:27] - Gündəm, İqtisadiyyat
Bu il Masallı rayonunda 253,9 hektar sahədə çəltik əkilib. Sahələrdən 868 ton məhsul yığılıb. Hər hektardan götürülən orta məhsuldarlıq 34,19 sentner təşkil edib.

Bu barədə Masallı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, çəltik yığımı kampaniyasını optimal müddətdə və yüksək keyfiyyətlə başa çatdırmaq üçün sahələrə kifayət qədər maşın və müxanizmlər, canlı qüvvə cəlb olunub. Rayonun Boradigah və Ərkivan qəsəbələrində, Xıl, Sərçuvar, Şıxlar, Tüklə, Qızılağac və Yeddioymaq kəndlərinin ərazilərində fermerlər və təsərrüfat sahibləri bu il çəltikçilik sahəsində yüksək nəticələr əldə ediblər.

Məhsuldarlığı və gəlirliliyi ilə seçilən çəltikçilik Masallıda ənənəvi təsərrüfat sahələrindən biridir. Ağır əl əməyi tələb edən bu təsərrüfat sahəsi uzun müddət rayonda tənəzzül dövrünü yaşayıb. Məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi - fermerlərə subsidiyaların verilməsi, güzəştli qaydada gübrələrin və texnikaların satılması rayonda çəltikçiliyin dirçəldilməsi üçün geniş imkanlar açıb.

Bu il rayonun səkkiz ərazi vahidində 47 fermer təsərrüfatı çəltik sahələrini genişləndirilərək 253,9 hektar sahədə əkin aparılıb.

Məhsul istehsalçıları əsasən məhsuldar “Apollo”, “Okean” və “Haşimi” növlərinə daha çox üstünlük veriblər. Sahələrdə vaxtında lazımi aqrotexniki işlər görülüb, zərərvericilərə qarşı tədbirlər aparılıb. Çəltik əkini zamanı əkinçilər suvarma ilə bağlı heç bir əziyyət çəkməyiblər.

Qeyd edək ki, ötən il Masallıda 217,19 hektar çəltik sahəsindən 735,4 ton məhsul yığılıb. Çəltik sahələrinin hər hektarından götürülən məhsuldarlıq 33,86 sentner təşkil edib.
Bu xəbər oxucular tərəfindən 59 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed