Şrift:
Paşinyanın nazirləri bir-bir aradan çıxır - Paşinyan özü də gedir, ya komanda reabilitasiya olunur...
25.11.2020 [11:55] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Ermənistanda cərəyan edən son hadisələrin təhlili göstərir ki, Paşinyan hakimiyyətinin mövqeləri əhəmiyyətli dərəcədə sarsılıb. Ermənistan iqtidarına qarşı ictimai narazılığın miqyasının daha da genişlənməsi müşahidə olunur. İrəvanda hər gün keçirilən etiraz aksiyaları hakimiyyətin təzyiqləri nəticəsində yatırılsa da, gərginlik səngimir.

Görünən həm də budur ki, dünənə qədər demokratiya və qanunçuluqdan dəm vuran Paşinyan vəzifəsini qoruyub saxlamaq üçün ən radikal addımlara gedir. Bütün ölkəboyu repressiv tədbirlər həyata keçirilir. Bununla yanaşı, hakim komandada kütləvi istefalar başlayıb. Ermənistan müdafiə, fövqəladə hallar və əmək və sosial müdafiə naziri vəzifələrinə yeni təyinatlar olub. Bu barədə Ermənistan prezidenti Armen Sarkisyan sərəncam imzalayıb. Bildirilib ki, Vaqarşak Arutyunyan müdafiə naziri, Andranik Piloyan fövqəladə hallar naziri, Mesrop Arakelyan isə əmək və sosial müdafiə naziri təyin edilib. Ermənistan Müdafiə nazirliyinin sözçüsü Şuşan Stepanyan da istefa verib. O, özünün Hadrutdan olduğunu, atasının isə vaxtilə Füzulinin işğalı döyüşlərində iştirak etdiyini bildirərək, budəfəki məğlubiyyətin şəxsən özü üçün çox ağır olduğunu bildirib.

Ermənistanda daha bir nazirin istefaya göndəriləcəyi bildirilir. Ermənistan ədliyyə naziri Rüstəm Badasyan, çox güman ki, vəzifəsindən azad ediləcək. Bu barədə Ermənistan KİV-i yazır. Bildirilir ki, Ermənistan polisinin keçmiş rəis müavini Ovannes Köçəryan nazir vəzifəsinə namizədlər arasında olsa da, belə təklifi rədd edib: “Hazırda hökumət iki qadın – keçmiş ədliyyə nazirinin müavini, hazırda baş nazirin müşaviri olan Anna Vardapetyan və nazirin hazırkı müavini Kristina Qriqoryan arasında seçim edir”. Qeyd edək ki, R.Badasyan 2019-cu il iyunun 19-da Ermənistanın ədliyyə naziri təyin edilib.

Paşinyan komandasında baş verən bu təlatümlər gələcək üçün nə vəd edir: özü də gedəcək, yoxsa komandada reabilitasiya prosesi gedir?

“Səngimış Ermənistanda siyasətcilər iş başına gəlməkdə maraqlı ola bilərlər”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda siyasətçilərin hakimiyyətə gəlməkdə o qədər də marağı yoxdur: ”Orada elə bir miras qalıb ki, onu aradan qaldırmaq çox çətindir. Müharibənin ağır fəsadları bir azdan daha qabarıq formada özünü göstərəcək. İstər sosial təminatla bağlı olsun, istərsə də digər problemlərlə əlaqədar hökümət çıxılmaz vəziyyətdə qalacaq. Baş verən istefalar heç də həmin siyasətçilərin yenidən hakimiyyətə gəlmək istəyindən irəli gəlmir. Paşinyan ciddi xalq təpkisi ilə üzləşmədi. Buna görə də onun komandısının dəyişməklə nəyəsə nail olmaq istəməsi inandırıcı görünmür. Hazırda ona Qərbdən ciddi dəstək verilir. Paşinyan hərbi müxalifəti sıradan çıxarmağa nail oldu. Bir çox qüvvələr isə zorla müharibəyə göndərilib, orda məhv edilib. Bu sırada ona müxalif olan hərbçilərin sayı daha çoxdur. Paşinyanın ikinci böyük məqsədi Rusiya ilə Türkiyəni üz-üzə gətirmək idi. Həmin toqquşmada hər iki dövlət zəifləməli idi. Bundan istifadə edən üçüncü dövlət regionda söz sahibinə çevriləcəkdi, bunu edə bilmədi.Yaxın müddətdə Paşinyanın istefası gözlənilmir. Komandasında müəyyən yeniləmələr edəcək, sonrakı proseslərdə sakitçilik yaranacaq və bundan sonra ona müxalif olan qüvvələr hücuma keçəcək. Bu da Rusiyanın mövqeyindən asılı olan məsələdir. Ölkə uzun müddət ehtiyac içində yaşayacaq, ordusunu və iqtisadiyyatını bərpa edə bilməyəcək. O zaman artıq səngimış Ermənistanda siyasətcilər iş başına gəlməkdə maraqlı ola bilər”.

Müsahibizin sözlərinə görə, hələlik Ermənistanda komandanın yenilənməsi baş verir.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 252 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed