Şrift:
Fransa Senatında qərəzli qətnamənin qəbulu regiondakı vəziyyətə kobud müdaxilə xarakteri daşıyır
26.11.2020 [10:45] - Xəbərlər, Siyasət
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanata uyğun olaraq, Azərbaycan işğal altındakı ərazilərini azad edir və bununla da münaqişəyə birdəfəlik son qoyulur. Yaranmış yeni vəziyyətdə üçüncü dövlətlərin, o cümlədən Fransanın münaqişə bölgəsindəki vəziyyətə müdaxilə etməsi bölgədə sülhün bərqərar edilməsinə yox, əksinə, münaqişənin yenidən qızışdırılmasına xidmət edir. Fransa Senatında qəbul olunmuş qətnamə məhz belə bir kobud müdaxilədir.

Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Deputat deyib ki, Senatın qətnaməsi heç bir hüquqi əhəmiyyətə malik deyil, tövsiyə xarakteri daşıyır və yaxın günlərdə baxılmaq üçün Fransa hökumətinə təqdim olunacaq. Fransa hökuməti, öz növbətində, məlum qərara münasibətini açıqlamalıdır: “Hökumətin bu qərara münasibətinin mənfi olacağına inanıram. Əks halda, Fransa Azərbaycanın ərazi bütövlüyünə, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı hörmətsizlik ifadə etmiş olacaq. Belə bir qərarın hökumət tərəfindən dəstəklənməsi BMT Nizamnaməsinə, Fransanın üzv olduğu çoxsaylı beynəlxalq konvensiyalara, eləcə də Fransa Respublikası ilə Azərbaycan Respublikası arasında bağlanmış çoxsaylı əməkdaşlıq sazişlərinin ruhuna ziddir və Azərbaycan tərəfindən qəbuledilməzdir. Belə bir addım BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransanın imicinə ciddi xələl gətirməklə yanaşı həm də onun ATƏT-in Minsk qrupundakı həmsədrlik statusundan irəli gələn vəzifələrinə və öhdəliklərinə ziddir. Belə bir qərarı dəstəkləyəcəyi halda Fransa dövlətinin Minsk Qrupunun həmsədri qismində münaqişənin həlli prosesində iştirakı mümkünsüz olacaq”.

Deputat qeyd edib ki, noyabrın 10-da imzalanmış Bəyanatın əsasında Azərbaycan Respublikası özünün ərazi bütövlüyünü təmin edib və bu, onun suveren hüququdur. İşğaldan azad olunmuş ərazilərdə yaşayacaq erməni əsilli vətəndaşların statusu ilə bağlı məsələ Azərbaycan dövlətinin daxili işidir və Azərbaycan Respublikasının Konstitusiyası dini, irqi və etnik mənsubiyyətindən asılı olmayaraq ərazisində yaşayan bütün vətəndaşların hüquq bərabərliyinə təminat verir. Nə Fransa Respublikası, nə də istənilən digər dövlət Azərbaycanın öz ərazisində suveren hüquqlarını həyata keçirməsinə mane ola bilməz. Fransa Senatı tərəfindən qəbul olunmuş hər hansı bir qərar və Fransa hökumətinin bu qərara istənilən münasibəti Azərbaycan Ordusunun 44 günlük savaşda əldə etdiyi nailiyyətlərə, eləcə də Azərbaycan diplomatiyasının uğurlarına kölgə sala bilməz. Qarabağ Azərbaycandır!
Bu xəbər oxucular tərəfindən 154 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed