Şrift:
Deputat: Böyük turizm potensialı Kəlbəcərdə iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək
26.11.2020 [10:52] - Gündəm, İqtisadiyyat
Kəlbəcər rayonu böyük iqtisadi potensiala malikdir. İşğaldan öncə Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Böyük tarixi olan Kəlbəcər rayonu işğaldan əvvəlki dövrdə Azərbaycanın inkişafında xüsusi yeri ilə seçilib.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Azərbaycanda ən böyük qızıl yataqları məhz bu rayonumuzun payına düşür. Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl, Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında isə min tondan çox civə ehtiyatı var. Kəlbəcər rayonu mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı ehtiyatlara malikdir. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Kəlbəcər rayonunda 55 milyon 762 min manatlıq məhsul istehsal olunub. 27 illik Ermənistan işğalı rayonun potensialından istifadə olunmasına imkan verməyib.

Ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri hesab olunur.

“Təəssüf ki, 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən varvarcasına dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində 13 minədək fərdi mənzil, minlərlə inzibati və sosial tikililər, 37.852 hektar meşə sahəsi işğalçı ölkə tərəfindən məhv edilib. Kəlbəcərə ən azı 10 milyard dollar ziyan dəyib. Ermənistanın bu rayonumuza da vurduğu ziyana görə təzminatın tələb edilməsi üçün məbləğin dəqiq qiymətləndirilməsi aparılacaq. Bütövlükdə isə, Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyur”, - deyə o bildirib.
Bu xəbər oxucular tərəfindən 159 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed