Şrift:
Laçın sakini: İlk olaraq kəndimizin qəbiristanlığını ziyarət edəcəyəm
01.12.2020 [11:16] - Xəbərlər, Sosial
Laçına qayıdanda ilk olaraq kəndimizin qəbiristanlığını ziyarət edəcəyəm. Sonra təhsil aldığım məktəbə, evimizə gedəcəyəm, bulaqları, ov elədiyim yerləri gəzəcəyəm, Mıxtökən dağına çıxacağam.

Bu sözləri söhbətində Laçın rayonunun Budaq Dərə kəndindən məcburi köçkün Şahsuvar Şahsuvarov deyib. Bildirib ki, 28 il ərzində bir gün də olsun doğma yurdu unutmayıb, Laçının işğaldan azad olunacağı günü gözləyib: “83 yaşım var. Ömrümün gözəl vaxtları Laçın rayonunda, dağlar qoynunda, səfalı yerlərdə keçib. Laçın kimi gözəl yer yoxdur. Hər yanı mənzərə idi. Baxdıqca doymurdun. Görən valeh olurdu. Kəndimizdə 9 yerdə sərin suyu olan bulaq var idi. Gözəl günlər yaşayırdıq”.

Şahsuvar baba 28 ildir görmədiyi, gedə bilmədiyi doğma yurduna həsr etdiyi şeirdən bir bənd deyib kövrəldi:

Gecə-gündüz çıxmır yaddan,

Bölünmüşəm, parasıyam Laçınımın.

Yenişiyəm, yoxuşuyam, dərəsiyəm

Ayaqlanmış lalasıyam Laçınımın

Qadasını alasıyam Laçınımın.

Torpaqlarımızın qayıtmağını eşidəndə də sevincimdən gözlərimdən yaş gəlmişdi. Nəvəm gəlib məni qucaqladı, dedi ki, baba muştuluğumu ver, Laçın azad edildi. Bu yaşımda Laçınıma qayıdım, Allahdan başqa istəyim yoxdur".

Fəxri Şahsuvarov uzun illər doğma yurdun həsrəti ilə yaşamağın çətin olduğunu bildirib: “28 ildir yurd həsrəti ilə yaşayırıq. Laçın işğal olunandan sonra müxtəlif vaxtlarda Ağdam rayonunda, Bərdədə, Ağcabədi rayonunun Qaradolaq kəndində məskunlaşdıq. İlk illərdə çətinliklərimiz çox olub. 2011-ci ildə Taxtakörpü ərazisində qəsəbə inşa olunduqdan sonra bura köçdük. İndi şəraitimiz yaxşıdır. Amma biz doğma yurdumuzu istəyirik. Şükürlər olsun ki, 28 illik həsrətə son qoyulur. Buna görə Müzəffər Ali Baş Komandana və ordumuza minnətdaram. Allahdan şəhidlərimizə rəhmət, döyüşlərdə yaralanan hərbçilərimizə şəfa diləyirəm. İndi səbirsizliklə Laçına qayıdacağımız günü gözləyirik. İlk növbədə, qəbiristanlığı və məktəbimizi ziyarət edəcəyəm. Oradan cığırla evimizə gedəcəyəm. Sonra gedib Gözbulaqdan su içəcəyəm".

Gülarə Şahsuvarova Laçın rayonuna qayıdacaqları, ömrünün qalan hissəsini doğma yurdlarında keçirəcəyi, nəvələrinin o torpaqlarda böyüyəcəyi üçün çox sevindiyini bildirib: "Laçından çıxanda 22 yaşım var idi. Yeni ailə qurmuşdum. Gənc ailə olaraq yurdumuzdan didərgin düşdük, ömrümüzün gözəl vaxtları köçkünlükdə keçdi. Şükürlər olsun ki, Laçınımıza qayıdacağıq. Qohumlar, qonşular yenidən bir yerə yığılacağıq. Yenə xeyrimiz-şərimiz bir olacaq. Nəvələrimiz Laçınımızda böyüyəcək".

İndi laçınlılar doğma yurdları, qayıdandan sonra görəcəkləri işlər ilə bağlı xəyallar, planlar qururlar. Laçın da doğma sakinlərin yolunu gözləyir. Həsrətin bitəcəyinə isə lap az qalıb.
Bu xəbər oxucular tərəfindən 98 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed