Şrift:
Rusiyanın təhdidi ilə bağlı növbəti xəbərdarlıq
19.11.2012 [13:32] - Gündəm, Siyasət
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin ötən həftə 12 nəfərlik nümayəndə heyəti ilə Zaqatala rayonuna səfər etməsi, “Naibbulaq” restoranında keçirilən toplantıya qatılması Kremlin Azərbaycanda növbəti məkrli plan hazırlıqları kimi yozulur.
Diplomatı və onunla gedən nümayəndə heyətini Balakən rayon sakini, əvvəllər “Avar” cəmiyyətinin sədri olmuş Məmməd İsayev, Zaqatalada yaşayan, milliyyətcə saxur olan Mübariz İsmayılov, Dağıstanda nəşr olunan və Azərbaycana qarşı yazıları ilə ad çıxarmış “Nur” qəzetinin əməkdaşı Şərif Şamxalov, rayon və bölgə səviyyəli ictimai tədbirlərdə xüsusi fəallıq göstərən və separatçı kimi tanınan, milliyyətcə avar Əyyub Canqayev qarşılayıb. Üstəlik, bu görüşün hansısa iclas zalındarəsmi qurumlardan birinin ofisində deyil, restoranda keçirilməsi şübhələr yaradır. Ümumilikdə bu səfər Rusiyanın Azərbaycanda separatçılıq cəhdləri kimi qiymətləndirilib.


Bəs, rəsmi Bakı səfirin bu cür fəaliyyətini və ümumiyyətlə, Moskvanın növbəti etnik münaqişə yaratmaq cəhdləri ilə bağlı fikirləri necə qarşılayır? Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirdi ki, Rusiya səfirliyindən Xarici İşlər Nazirliyinə bu səfərlə bağlı, səfər haqqında bilgi verən diplomatik nota təqdim olunmuşdu və bununla bağlı mətbuata açıqlama verilib.
Elə isə XİN Rusiyanın hansısa bəd niyyətinin olub-olmadığını, həmçinin az öncə Moskvada bir sıra separatçıların bir araya gələrək Azərbaycana qarşı mövqe sərgiləməsi faktını araşdırıbmı? E.Abdullayev dedi ki, onun Moskvadakı hər hansı toplantı barədə məlumatı yoxdur: “Azərbaycan çoxmillətli bir ölkədir. Bizim ölkə sabitlik və təhlükəsizlik ən yüksək səviyyədə təmin olunan ölkələrdən biridir. Tolerantlıq (xoşgörü) və çoxmədəniyyətlilik Azərbaycan cəmiyyətinin daxilindən qaynaqlanan bir şeydir. Bu, bizim canımızda və qanımızdadır. Azərbaycanda milliyyətindən, dinindən asılı olmayaraq hər bir şəxs ölkədə özünü rahat, təhlükəsiz və əmin-aman hiss edib. Yəni əgər kimsə Azərbaycana qarşı yönəlik bir addımlar atırsa, bu, təbii ki, təxribat xarakterli (mahiyyətli) addımlardır. Amma bizim xalqımız zəngin tolerantlıq mədəniyyətinə malikdir və bu, cəmiyyətin özündən qaynaqlanıb”.


Rəsmi Bakının bu kimi cəhdlərdən narahatlığı varmı? E.Abdullayev: “Azərbaycan dövləti kifayət qədər imkanlara malikdir ki, istənilən təxribatın qarşısını alsın”.
Politoloq (siyasətçi) Vəfa Quluzadə isə Rusiyanın Azərbaycandakı səfiri V.Doroxinin qərb bölgəsində separatçı qüvvələrlə görüşməsi barədə mediada yazılan məlumatlara münasibət bildirərkən dedi ki, Rusiyanın addımları seçkilərə hesablanıb: “Azərbaycanda 2013-ci ildə seçki keçiriləcək. Rusiya bu seçkilərdə öz şansını artırmaq istəyir. Ona görə də müxtəlif fəndlərə əl atmaqda davam edəcək. Moskva bilir ki, Qarabağ müharibəsini təzələyə bilməyəcək. Çünki ermənilər hazırda Amerikanın əlinə baxır və Rusiya onları müharibəyə təhrik edə bilməyəcək. Deməli, əlac qalır şimal zonasında (məntəqə) münaqişə yaratmağa, ”Sadval"ı diriltməyə. Rusiya Xəzərdə də öz donanmalarını (navqan) gücləndirib. Lazım olanda özünün separatçı tərəfdarlarını qızışdırıb ayağa qaldıracaq. O zaman da rus donanması gəlib Bakı buxtasında dayana bilər. Bu mənada Azərbaycan çox ayıq olmalı və Rusiyanın niyyətlərini ciddi qarşılamalıdır. Bakı öz təhlükəsizliyinin qorunmasını Qərbdən, NATO-dan tələb etməlidir".
Bu xəbər oxucular tərəfindən 1340 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed