Şrift:
İşğaldan azad olunan Laçında aqrar, sənaye və turizm sahələri inkişaf etdiriləcək
01.12.2020 [11:46] - Gündəm, İqtisadiyyat
Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan və işğaldan azad edilən Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Rayon şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Laçının ərazisi 1,84 min kvadratkilometr olmaqla, 1930-cu il avqustun 8-də yaranıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Laçın rayonunun aqrar, sənaye və turizm resursları ilə bağlı təhlili yazısını təqdim edir.

Laçın rayonu ilə Bakı arasında olan məsafə 414 kilometrdir. Laçın rayonunda bir şəhər (Laçın), bir qəsəbə (Qayğı), 125 kənd var. Statistik məlumatlara əsasən, əhalinin sayı 77,7 min nəfər, sıxlığı isə 1 kvadratkilometrdə 42 nəfərdir (1 yanvar 2019-сu il). 2009-cu ilin əhalinin siyahıyaalınması məlumatına görə, əhalinin 96 faizi azərbaycanlılardan ibarətdir və əhalinin 83 faizi kənd yerlərində yaşayır.

Rayonda əsas civə yataqları olan Narzanlı, Çilgəzçay, Sarıbulaq (ümumi ehtiyatları 1124 ton), əhəng istehsalına yararlı Laçın əhəngdaşı (ehtiyatları 4457 min ton) və üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı (ehtiyatları 2533 min kubmetr), mişar daşı istehsalına yararlı Ağoğlan, Əhmədli (ümumi ehtiyatları 5125 min kubmetr), kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil (ehtiyatları 998 min kubmetr) yataqları və istismar ehtiyatları 430 min kubmetr/gün olan Minkənd mineral su yataqları var.

Bu bölgədə tikinti-inşaat sektoru üçün əhəmiyyətli hesab edilən xammal bazası mövcuddur. İşğaldan öncə mərmər, əhəng sexləri, 2 daş karxanası fəaliyyət göstərib. Bu bir daha rayonun yenidən biznes ənənələrini bərpa etmək üçün fundamental əsaslardandır. Nəzərə alsaq ki, Qarabağın inkişafında əsas inkişaf amili tikinti sektoruna yararlı xammal bazasıdır, Laçın rayonu da bu istiqamətdə yaranacaq inkişaf trayektoriyasında mühüm paya sahib olacaq.

Laçın rayonunun bir sıra investisiyatutumlu sahələri var ki, bura kənd təsərrüfatı, heyvandarlıq, toxuculuq, tikinti və turizm sektoru daxildir. İşğaldan əvvəl əməkqabiliyyətli əhalinin təxminən 82 faizi kənd əhalisi olub. Bütün bu göstəricilər yeri fermerlər üçün əlavə imkanlar yaradır.

Kənd təsərrüfatında əsas bitkiçilik məhsullarının dənli və dənli paxlalıların (o cümlədən buğdanın) istehsalı 2450 ton olmaqla üstünlük təşkil edir. Digər kənd təsərrüfatı məhsullarından şəkər çuğunduru, kartof, tərəvəz, bostan bitkilərini söyləmək mümkündür. Əhali burada əsasən heyvandarlıqla məşğul olub və iri buynuzlu mal-qara, arı, qoyun və keçilər saxlayıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 1990-cı ildə Laçın rayonunda təxminən 40 min iribuynuzlu mal-qara, 240 min qoyun-keçi olub. İşğaldan əvvəl hər il rayon üzrə dövlətə 6 min ton süd, 5 min ton ət, 400 tondan çox yun satılırdı.

Laçın rayonu ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyi ilə seçilib. Dünyada "Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması Laçın rayonun adı ilə bağlıdır. Sovetlər dönəmində rayonda yun və gön-dəri qəbulu müəssisəsi fəaliyyət göstərib. Bütün bu istiqamətlər gələcəkdə rayonun Qarabağın yüngül sənayesinin inkişafında dəstəkləyici faktora çevrilməyinə səbəb olacaq.

Ümumiyyətlə, işğaldan əvvəl 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, bir internat məktəbi, bir orta texniki peşə məktəbi fəaliyyət göstərirdi. Bununla yanaşı, rayonda yağ-pendir, konserv zavodu, ət tədarükü və qəbulu məntəqəsi, yun və gön-dəri qəbulu müəssisəsi, kimya birliyi, baytarlıq müalicəxanası, tikinti materialları istehsalat birliyi, ağac emalı sənayesi, yol və tikinti quraşdırma idarəsi, Sumqayıt alüminium və maşınqayırma zavodlarının filialları, yüngül sənaye və yerli sənaye kombinatları, iki asfalt zavod, beton zavod, mərmər, əhəng, pemoksol və toxuculuq sexləri, iki daş karxanası fəaliyyət göstərirdi.
Bu xəbər oxucular tərəfindən 161 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed