Şrift:
“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir - Haşım bəy Vəzirov
02.12.2020 [11:47] - Xəbərlər, Mədəniyyət
Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.

Nazirlikdən bildirilib ki, layihənin növbəti tarixi siması pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı, naşir Haşım bəy Vəzirovdur. O, 1868-ci ildə Şuşa şəhərində anadan olub.

Haşım bəy Vəzirov İrəvan, Bərdə, Şəki və Şuşada müəllimlik edib. İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra Böyük Vedi kəndində müəllimliyə başlayıb. Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Köynük kəndlərində, Cavanşir qəzasının Bərdə bölgəsində pedaqoji fəaliyyətlə məşğul olub. Bir müddət isə Şuşada yerləşən müsəlman-rus məktəbinin müdiri işləyib. Şuşa realnı məktəbinin hazırlıq sinfində ana dilindən dərs deyib.

Pedaqoji fəaliyyət Haşım bəy Vəzirova xalqının məişətinin daha dərindən öyrənilməsinə imkan yaradıb. Xalq həyatından, məişətdən öyrəndikləri onun bir yazıçı-jurnalist kimi fəaliyyətinə səmərəli təsir göstərib. Haşım bəy müdir işlədiyi məktəbdə sərt nizam-intizam yaratmaqla yanaşı, savadsızlar üçün axşam kursları da açıb. Bütün varlığıyla millətinin savadlanmasına, məktəbə gələn hər bir uşağın yüksək bilik almasına çalışıb. O, əlinin əməyi, zəhməti hesabına dolananları, cəmiyyətin bütün təbəqələrini əhatə edən çalışqan insanı millətinin sərvəti hesab edib.

Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi Qarabağın məşhur müəllimlərini yad etməkdir.
Bu xəbər oxucular tərəfindən 181 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed