Şrift:
“COVID-19-la mübarizədə birlikdə güclüyük” vebinarı keçirilib
03.12.2020 [11:28] - Gündəm, Sosial
Azərbaycan Tibb Universiteti (ATU) və universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “COVID-19-la mübarizədə birlikdə güclüyük” adlı vebinar keçirilib.

Universitetin mətbuat xidmətindən bildiriblər ki, vebinarda çıxış edən ATU-nun təlim və tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov hər kəsi Azərbaycan ordusunun qazandığı şanlı qələbə münasibətilə universitet rəhbərliyi adından təbrik edib. Sonra o, dünyada, eləcə də Azərbaycanda koronavirusun növbəti dalğasının yarandığını, yoluxma və ölüm saylarının gündən-günə kəskin surətdə artdığını qeyd edərək bu dövrdə tibb işçilərinin üzərinə ağır yük düşdüyünü, bu səbəbdən mövzu ilə bağlı müzakirələrin aparılmasına ehtiyac olduğunu bildirdi.

Daha sonra ATU-nun Tələbə Gənclər Təşkilatının hazırladığı videoçarx nümayiş etdirilib. Videomaterialda koronavirusdan qorunmaq üçün zəruri qaydalar əks olunub.

Vebinarda ATU-nun yoluxucu xəstəliklər kafedrasının dosenti Könül Cəfərova koronavirusa yoluxan şəxslərdə rast gəlinən əlamətlər, xəstəliyin simptomsuz gedişi, nisbətən yaşlı və yanaşı xəstəliyi olan şəxslərdə baş verə biləcək ağırlaşmalar haqqında məlumat verib. Universitetin tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru Nigar Ağayeva isə COVID-19 virusunun diaqnostikası, aparılan testlərin yoluxma haqqında informativlik dərəcəsi və s. bu kimi vacib məsələlər haqqında danışıb.

ATU-nun şüa diaqnostikası və terapiyası kafedrasının müdiri, dosent Məlahət Sultanova koronavirusa yoluxan şəxslərdə rast gəlinən ağciyər əlamətləri, xəstəliyin gedişində hansı instrumental diaqnostika vasitələrindən istifadə edilməsi, “Buzlu şüşə” görüntüsü, protokola uyğun olmayan formada özünü evdə müalicə edən şəxslərdə rast gəlinən ağırlaşmalar zamanı ağciyərdə baş verən dəyişikliklər və s. haqqında çıxış edib. Sonda qonaqlar iştirakçıların suallarını cavablandırıblar.

Qeyd edək ki, vebinarda 150-yə yaxın tələbə iştirak edib
Bu xəbər oxucular tərəfindən 283 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed