Şrift:
Ağabəy Azərbaycaninin ömür və yaşam mənzərələri
04.12.2020 [11:06] - Gündəm, Mədəniyyət
Dünya yaranandan təbii fəlakətlər – sunamilər, qasırğalar, zəlzələlər, sellər, daşqınlar dağıntılar baş alıb getsə də, insanların yaşamaq eşqi sönməmiş, əksinə, həyat davam etdikcə bəşər övladı təbiətin qanunlarını öyrənmək yolunda daim axtarışda olmuşdur. Birgə yaşayış, insani münasibətlərin yaranması, qayğının, xeyirxahlığın, sevginin, sədaqətin mənəvi ehtiyaca çevrilməsi yüksək əxlaqi dəyərlərin yaranmasına zəmin olub. Minillər boyunca insanların arasında bu kimi ali keyfiyyətləri cilalayaraq yaşadanlar da az olmayıb. Belə olmasaydı həyat özünün vüsətli inkişafı ilə davam etməzdi ki! Məcazi məna kəsb etsə də aqillərdən gələn bir sözü unutmamışam: dünya yaxşı insanların çiyni üstündə qərar tutur...

Bu gün belə şəxsiyyətlərdən birinin həyatı ilə yaxından tanışlığım məndə belə bir əminlik yaratdı ki, dünyanın yaxşılıq, xeyirxahlıq, sədaqət, sevgi adlı sütununa çiyin verən mərdlərdən biri də professor Ağabəy Azərbaycanidir...

Bu fikirlər yazıçı-publisist Şəfəq Nasirin “Ağabəy Azərbaycaninin ömür və yaşam mənzərələri” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.

Ağabəy Azərbaycani 1939-cu ildə Tehranda, özünün ziyalı, yenilikçi baxışları, kamilliyi ilə hüsn-rəğbət qazanan bir ailədə doğulub. Atası professor Məhəmməd Tahir Ağabəy Azərbaycani tibb sahəsində təhsil alıb. O, uzun müddət Tehranda Malerioloji İnstitutun direktoru vəzifəsində işləyib. Bildiyimə görə, İranda malyariya xəstəliyinin kökünü məhz doktor Tahir bəy kəsib. Anası Siddiqə Heyət isə I Tehran Universitetini ilk bitirən xanımlardan olmuşdur. Siddiqə Heyət (Cavad Heyətin böyük bacısıdır) İranda Təhsil Nazirliyinin Baş müşaviri olmuş, eyni zamanda Qızlar Pedaqoji Universitetinin rektoru vəzifəsində çalışmışdır. O, universitetdə fəlsəfədən və dini elmlərdən dərs demişdir.

15 yaşından müstəqil həyatına başlayıb, Amerikaya üz tutub. Orada Tibb Universitetində travmatologiya üzrə cərrah kimi təhsil alıb. Sonradan anestizioloq, reanimatoloq ixtisaslarına da yiyələnib. Yeri gəlmişkən, professor Ağabəyin ata və ana tərəfindən 33 həkim olub.

1990-cı ildə Almaniyada həyat yoldaşı Krishta Azərbaycani ilə qurduğu Almaniya-Azərbaycan Dostluq və Tibbi Yardım Cəmiyyətinin rəhbəri və 1998-ci ildə isə Amerikanın Kaliforniya Ştatında yaratdığı “M.İ.R” Beynəlxalq Humanitar Tibb Təşkilatının qurucusu və rəhbəri Ağabəy Azərbaycanini ölkəmizdə çoxları tanıyır. Xaricdə yaşayan soydaşlarımızın çoxunun öhdəsinə ala bilmədiyi ağır yükü illərdir şərəflə, mərd-mərdanə daşıyan doktorun 81 illik ömrünün səhifələri xeyirxah əməlləri, nur təki saçılan fəaliyyətilə o qədər zəngindir ki! Professorun həyatda maraq göstərdiyi və bildiyi sahə tibb, İslamın fəlsəfəsi və tarixdir. O, kiçik yaşlarından başqa dillərə də maraq göstərib. Fars, ərəb, ingilis, alman, fransız, türk, azəri türkcəsini mükəmməl bilir. Bir az da ispan dilini öyrənib.

Ağabəy Azərbaycani 1965-ci ildə Amerikada alman qızı ilə evlənib. Krishta ərinin Azərbaycani soyadını qəbul edərək, xalqımıza böyük ehtiram və məhəbbət ruhunda yetişir. 55 illik evliliyində o, həyat yoldaşı ilə birlikdə müsəlman ölkələrinə özlərinin yaratdıqları cəmiyyətlərin xətti ilə humanitar yardımlar təşkil edib.

1990-cı ildən bu günə qədər professor Ağabəy həkimin köməyi ilə Azərbaycanda 1500 xəstə əməliyyat olunub. Bir çox xəstəxanalarda və özünün qurduğu mərkəzdə, qaçqın, köçkün, yaralı olan şəhərlərdə 50 minə yaxın xəstəyə xaricdən dəvət olunmuş və yerli həkimlər baxıb müalicə ediblər. Birinci Qarabağ savaşında 300 yaralıya baxıb, onları müalicə edən doktor deyir ki, o vaxtlar ermənilər xaricdə elə yalan təbliğatlar aparırdılar ki, Azərbaycan həqiqətləri tam kölgədə qalmışdı. Onlar medianı pulla ələ alırdılar. Mənim yazdığım həqiqətlərə mediada yer verilmədi. İndi buna görə üzülmürəm. Azərbaycanda əlimdən gələni və etmək istədiklərimi qismən də olsa etdim...

Ağabəy Azərbaycani xatırlayır ki, Birinci Qarabağ müharibəsində əlil olanlara protez qoymaq üçün onları Almaniyaya aparırdıq. Sonra düşündüm ki, Azərbaycanda Bərpa Mərkəzi açsaq daha yaxşı olar. 1995-96-cı illərdə Əlillərin Protez Bərpa Mərkəzini açmaqdan ötrü 10 min dollar vəsait verdim. 1996-cı ildə ulu öndər Heydər Əliyev Bərpa Mərkəzinin açılışında iştirak etdi. İki saat oradakı texnikaya baxış keçirdi. Bu böyük şəxsiyyət açılışda nitq söylədi. Onun ürəkağrısı ilə dediyi bu sözləri indi də xatırlayıram. Heydər Əliyev dedi ki, mən gecələr rahat yata bilmirəm ki, torpaqlarımızın 20 faizi işğal altındadı. Bizim düşmənlərimiz böyük dövlətlərlə əlbirdilər. Amma vaxt gələcək biz o torpaqları azad edəcəyik. Yeri gəlmişkən, ulu öndər Heydər Əliyev Almaniyadan Azərbaycana dəfələrlə humanitar yardım gətirdiyinə görə Ağabəy Azərbaycaniyə təşəkkür etmiş, ona Sertifikat vermişdir.

Ağabəy Azərbaycani: Azərbaycan Prezidenti İlham Əliyevlə də Almaniyaya səfərlərinin birində Berlində görüşdüm. Almanların və qəzet müxbirlərinin də iştirak etdiyi böyük bir auditoriya qarşısında siyasi cəhətdən yetkin, hazırlıqlı, geniş dünyagörüşə, intellektə malik Prezidentin həm də xalis centlmen kimi davranışı, ingilis dilində çox səviyyəli, səmimi çıxışı böyük rəğbətlə qarşılandı. Sonda Prezident qəzet müxbirlərinin suallarını da aydın, məntiqi və dolğun fikirlərlə cavablandırdı. Mən o görüşdə İlham Əliyevin atasının siyasətindən necə ustalıqla bəhrələndiyinin şahidi oldum. Bu gün də o görüşün məndə yaratdığı xoş duyğuları unutmamışam.

Azərbaycana bu dəfəki gəlişimdə işğal altında olan torpaqlarımızın azad olunması uğrunda döyüşən yaralı hərbçilərimizə xidmət etməyi, humanitar yardım gətirməyi özümə borc bildim. Yarım milyon civarında gətirdiyim yardımda ən çox cərrahiyyə alətləri, sarğılar, dərmanlar, yara mazları, bintlər, cərrahi tikiş sapları, əməliyyat üçün lazım olan ləvazimatlar, aspiratorlar və digər cihazlar da vardı. Bu günə qədər Azərbaycana hər gəlişimdə hər hansı xəstəliklə mənə müraciət edən xəstələrə humanitar yardım edir, onlara baxır, gətirdiyim dərmanlarla öz xərcimə müalicə edirəm. Onu da qeyd edim ki, bu dəfə gətirdiyim humanitar yardımın bölgələrə aparılmasında özüm də iştirak etdim. Ordu və Sərhəd Qoşunlarının xəstəxanasına, Füzuli, Beyləqan və digər ərazilərdə, sərhəddəki əsgərlərə dava-dərman, yemək dəstləri – bıçaq, qaşıq öz istifadələri üçün, əl fənərləri, papaq, corab dəstləri apardım. Bu yardıma əlavə olaraq özümün, həyat yoldaşımın və xaricdə yaşayan, fəqət adının çəkilməsinin istəməyən bir dostumun da yardımından ibarət 60 min manat da əlavə yardım gətirdim...

Ağabəy Azərbaycani həyat yoldaşıyla birgə qurduqları cəmiyyətlərinin vasitəsilə ölkəmizə 50 mln, digər müsəlman ölkələrinə də 50 mln, ümumilikdə 100 milyon dollarlıq yardım gətiriblər. Əmək pensiyalarını, var-yoxlarını da məqsədləri yolunda xərcləyiblər. Professorun xalqımız üçün gördüyü işlərin sayı-hesabı olmadığından, qarşımdakı sənəd-siyahılara baxıram... Uşaq evlərinə, bağçalara, məktəblərə xeyli yardım olunub, 70 min hepatit peyvənd vurdurub. Azərbaycanda indiyə qədər 720 min müxtəlif təşkilata, hökumət təşkilatlarında ehtiyacı olan insanlara (işçilərə) müxtəlif dərman və tibbi geyim paylanıb. 5293 kiloqram (1 kq-lıq) marqarin və 1 tona yaxın şəkər, un, quru dənli bitkilər, əsgərlər üçün 1361 bel çantası, 1000 cüt çəkmə, 620 cüt ayaqqabı, 1000 cüt corab, 1042 ədəd poluver, 315 ədəd yun ədyal, 4 ton üst geyimi, 3 ton müxtəlif dərman preparatları, 2000 kiloluq rentgen, film və dəmiri, xəstəxanalar üçün 2600 müxtəlif tibbi ləvazimat, 12 ədəd generator aqreqatı (hər biri 40 min vat gücündə olan generatorların 8-i Naxçıvana verilib). 120 kilo çay və 3 milyon 204 min manat maddi yardım verilib. Digər sənədlərdə də hər növ humanitar yardımın Bu sadalananlar Azərbaycanın 90 min şəhər və rayonlarında paylanıb.

Bu rəqəmləri və onların məcmusunda görünən hər növ yardımları oxumaq, şüura, düşüncəyə sığışdırmaq çoxlarına çətin, qəribə görünər və bəzilərində təəccüb doğurar. İri qovluğa güclə sığan sənədlərdə təhvil verdiyi müəssisələrin arayışlarında humanitar yardımların sayı, adları, təhvil verildiyi xəstəxanaların, müəssisələrin rayonların adları göstərilib.

Professor deyir ki, dünyanın heç bir yerində evimiz yoxdur, həmişə kirayədə yaşamışıq. Evlərimizi satıb, şərəfli hədəfimiz üçün xərcləmişik. İllər boyunca dərk etmişəm ki, nə qədər dünya varına, maddiyyatına sahib olsaq da, onun bir zərrəsi də qalmayacaq. Dünyada insanın özündən sonra qalan əməlləri olur. Mənim sarayım yoxdur ki, onunla fəxr edəm, mənim sərvətim yoxdur ki, onunla dillərə düşəm... Amma mənim çox sevdiyim qonaqpərvər Azərbaycan kimi məmləkətim, dostlarım var, mən onları dünya sərvətinə əsla dəyişmərəm! Çox təsirləndim!..

Haqdan gələn aydınlığın içində, qəlbinin və əməllərinin aynasında yetərincə parlaq, işıqlı görünən, Azərbaycanın sədaqətli oğlu Ağabəy Azərbaycaninin ömürlüyündə yer almış bu yaşam mənzərəsi təqdim etmək istədiyim portretinin cizgiləridir. Bu portreti aydınladan ən mühüm və xalis rənglər professorun təbiətində doğal şəkildə zühur etmiş keyfiyyətlərdir: Sadəlik, xeyirxahlıq, qayğıkeşlik, mərhəmət, səmimiyyət... O da Tanrının lütf etdiyi bu ümdə, ülvi keyfiyyətləri ilə canlıların alisi olan insanlara xidmət etməyi həyatının mənası hesab etmişdir. İllər boyunca ömrünə əlvan naxışlar salan əməlləri mənim, elə onu tanıyan bütün insanların gördüyü ən təbii və parlaq rənglərdir...
Bu xəbər oxucular tərəfindən 580 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed