Şrift:
Qarabağ uğrunda yeni amansız savaş: Döyüşlərin ikinci fazası olan...
04.12.2020 [15:52] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Prezident İlham Əliyev xalqa müraciətində bu məsələyə xüsusi olaraq toxundu və bildirdi ki, Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilib. Görünən odur ki, Azərbaycan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutub, bu model özünü doğruldub. Nəticədə Azərbaycan öz torpaqlarını öz gücünə azad edib və bölgədə yeni hərbi-siyasi reallıq yaradıb. Bu reallıqlar isə artıq Azərbaycanın bölgədə söz sahibi olması, prosesləri diktə edəcəyinin göstəricisidir”.

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib. O bildirib ki, münaqişə bitməyib, ikinci fazası olan siyasi mərhələsi başlayıb:

“Bu, daha amansız bir savaş olacaq. Fəal hərbi dövrdən sonra bir çox dövlətlərin üzərimizə gəlməsini gördük. Fransanın timsalında parlament, Belçika, Kanada və s. ölkələr üzərimizə gəldi. Bundan sonra Ermənistan tərəfi çalışacaq ki, öz müttəfiqlərini bizə qarşı bütün mənalarda səfərbər eləsin. Ona görə də əldə etdiyimiz nəticələri qorumaq çox mühümdür. Əlbəttə ki, bizim digər ərazilərdə də məcburi köçkünlərin yerləşdirilməsi və birgəyaşayış nəzərdə tutulur. Söhbət Xankəndi, Xocalı, Əsgərən, Xocavənddən qovulmuş insanların geri qayıtmasından gedir”.

Partiya sədri Türkiyə sülhməramlıları gələndən sonra yeni situasiyanın yaranacağını qeyd edib:

“Yeni reallıqlarda bizim müəyyən qədər avantajımız da yaranacaq. Çünki biz qalib tərəfik. Düşmən tərəf kapitulyasiya aktına imza atıb. Amma buna baxmayaraq, qarşı tərəfin müqavimətini, dirənişini də görürük. Hətta bəzi ərazilərimizdən çıxmağa çalışmırlar, qalmaq istəyirlər, Rusiya sülhməramlıları ilə toqquşmaları olub. Cəmiyyətdə bir sıra qıcıq yaradan məsələlər də var idi, onların həlli təbii ki, zaman aparır. Xarici dairələrdə, bizə qarşı olanlarda da müəyyən hərəkətlənmələr olacaq. Söhbət ondan gedir ki, bəlli ərazilərdə mülki idarəetmənin həll olunması rahat məsələ deyil. Köçən əhalinin pasportlaşdırılması, strukturların yaranması, ən əsası isə silahlı dəstələrin çıxarılması işi aparılmalıdır”.

Mahir Xəttab \ Redaktor.az
Bu xəbər oxucular tərəfindən 350 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed