Şrift:
YAŞAT Fondunun yaradılması qalib əsgərlərimizə, torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə olan yüksək ehtiramın, diqqət və qayğının göstəricisidir
10.12.2020 [10:43] - Gündəm, Sosial
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək Fondunun (YAŞAT) yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı son 17 ildə bütün həssas təbəqələri əhatə edən sosial siyasət sahəsində vətəndaşlarımızın problemlərinin yaxşılaşdırılması istiqamətində atılmış növbəti diqqət və qayğının əyani sübutudur.

Bunu Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.

Deputat bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı Prezidentin 2018-ci il 19 aprel tarixli Fərmanının icrasını təmin etmək məqsədilə təkcə 2019-cu ildə 12 min şəhidin 18 min vərəsəsinə 11 min manat birdəfəlik ödənişlərin olunması bu siyasəti davamlı olaraq dövlətin prioritet sahəsinə çevirmişdir.

İndiki dövrdə, Vətən müharibəsini qalibiyyətlə başa vurduğumuz Azərbaycan tarixində ilk dəfə olaraq ərazilərimizin işğalın nəticələrinin aradan qaldırılması ərəfəsində, Prezident tərəfindən belə bir fərmanın imzalanması xüsusilə önəm kəsb edir və bu Müzəffər Azərbaycan Ordusunun qalib əsgərlərimizə, torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə olan yüksək ehtiram, diqqət və qayğının göstəricisidir.

Ümumiyyətlə, şəhidlər, onların ailə üzvləri, müharibə əlilləri, veteranlar və bu kimi həssas təbəqədən olan insanlarımız hər zaman dövlət tərəfindən qayğı ilə əhatə olunub, onlara ölkənin birinci şəxsi ilə yanaşı Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də yüksək diqqət göstərilir. Bir müddət əvvəl Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsi iştirakçıları, əlillər və veteranlarla keçirdiyi görüş və orada Mehriban xanımın hər bir görüş iştirakçısı ilə fərdi qaydada görüşüb söhbət etməsi, onların problemləri ilə maraqlanması hər birimizin xatirindədir. Eyni zamanda Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da fəaliyyət göstərdiyi gündən indiyə qədər neçə-neçə şəhid ailəsi, Qarabağ müharibəsi əlili, veteranının ümid yerinə çevrilib, yüzlərlə bu təbəqədən olan vətəndaşımız Fondun hesabına müalicə olunub, yaxud digər problemləri həll edilib.

“Prezidentin fərmanı ilə YAŞAT Fondunun yaradılmasında bir məqama da diqqət çəkmək istərdim. Belə ki, Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi müəyyən edilib, bu da həmin qurumun kifayət qədər şəffaf və perspektivli fəaliyyət göstərəcəyini deməyə əsas verir. Onu da qeyd edim ki, “ASAN xidmət” 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Bu baxımdan Azərbaycanın brendi hesab edilən “ASAN xidmət”in YAŞAT Fondunun vəsaitinin sərəncamçısı kimi müəyyən edilməsi Fonda, həmçinin ora toplanan vəsaitlərin şəffaf şəkildə sərf ediləcəyinə olan etibarlılığı artıracaq”, - deyə M.Əfəndiyev bildirib.
Bu xəbər oxucular tərəfindən 88 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed