Şrift:
Yüksək səviyyəli Azərbaycan nümayəndə heyəti 2020-ci il Olimpiya Oyunlarına həsr olunmuş seminarda iştirak etmək üçün Lozannaya gedir
29.10.2011 [14:43] - Xəbərlər
Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti oktyabrın 31-də İsveçrənin Lozanna şəhərinə yola düşəcək.

Nümayəndə heyətinə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, işçi qrupunun üzvləri və xarici şirkətlərin nümayəndələri daxildir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın verdiyi məlumata görə, səfərin məqsədi “2020-namizəd şəhərlər” başlığı altında Lozannada keçiriləcək seminarda iştirak etməkdir.

Seminarda Olimpiya Oyunlarının keçirilməsi üçün dövlətərin qarşısında duran vəzifələr, olimpiya oyunlarının təşkil edilməsi zamanı mühüm əhəmiyyət kəsb edən məqamlar ətrafında müzakirələr aparılacaq.

Noyabrın 1-də start götürəcək seminarda “Oyunlara baxış”, “Yarışların təşkili-bu nə deməkdir və öz üzərinə nəyi götürür?”, “Yeniyetmələrin Olimpiya oyunlarının təqdimatı”, “Ev sahibliyinin planlaşdırılması və ötürülməsi- Oyunların dəyişiklik katalizatoru olması necə baş verir?”, “Oyunlara namizədlik”, “Əlaqələrin qurulması” mövzuları ətrafında diskussiyaların aparılması nəzərdə tutulur.

Seminarda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jaq Roqq, “London 2012” Olimpiya Oyunlarının prezidenti Lord Sebastyan, “Soçi 2014” Olimpiya oyunlarının təşkilat komitəsinin sədri və prezidenti Dmitri Çernişenko, Rio de Janeyro şəhərinin meri Eduardo Payes və digər nüfuzlu şəxslər iştirak edəcəklər.

Seminar noyabrın 4-dək davam edəcək.

Qeyd edək ki, Bakı 2020 Yay Olimpiya Oyunlarının keçirilməsinə namizədlər arasındadır.
Bu xəbər oxucular tərəfindən 1024 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed