Şrift:
SOCAR-da boşdayanma ilə bağlı məsələlərə dair müzakirələr aparılıb
15.12.2020 [11:30] - Gündəm, İqtisadiyyat
SOCAR-da boşdayanma ilə bağlı işçiləri narahat edən məsələlər müzakirə olunub.

Şirkətdən bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər fonunda qlobal neft bazarında tələb-təklif balansının pozulmasının qarşısını almaq məqsədilə 2020-ci ilin aprelində “OPEC+” çərçivəsində neft hasilatının azaldılması haqqında qəbul olunmuş qərar üzrə Azərbaycan tərəfindən götürülmüş öhdəliklər SOCAR-da bir sıra islahatlar və optimallaşdırma tədbirlərinin həyata keçirilməsini zərurətə çevirir. Məlum olduğu kimi, hasilatın azaldılması əsasən qazma işlərinin həcminə və qurudakı hasilata təsir edir və həmin sahələrdə müəyyən boşdayanmalara səbəb olur.

Analoji proseslər dünyanın bir çox aparıcı neft şirkətlərində xərclərin azaldılması və kütləvi ixtisarlarla müşahidə olunub. SOCAR öz sosial məsuliyyəti çərçivəsində və büdcənin imkan verdiyi qədər, vəziyyətdən çıxış yolunu başqa sahələrdə axtarır, ixtisara yol verməməyə, istehsalat xərclərinin, idarəetmə aparatında əməkhaqlarının azaldılması kimi mümkün vasitələrdən istifadə etməklə əməliyyat dayanıqlığını təmin etməyə çalışır. Şirkətin boşdayanmaya məruz qalmış işçilərinə gələcəkdə dayanıqlı iş şəraiti yaradılması məqsədi ilə onların səriştə və bacarıqlarının yenidən qiymətləndirilməsi, daha potensiallı işçilərin seçilməsi və onların daha böyük hədəflər üçün hazırlanması, digər işçilərin qiymətləndirmənin nəticələrinə uyğun mövcud iş yerlərində yerləşdirilməsi, aşağı nəticə göstərən işçilərin isə şirkətin hesabına keçirilən təlimlərə cəlb olunmaları, peşəkarlıq bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən ixtisasartırma və yeni ixtisasa yiyələnmə istiqamətlərində müvafiq tədbirlər görülür.

Şirkətdaxili optimallaşdırma tədbirlərinin, perspektivlərin müzakirə edilməsi, işçilər arasında maarifləndirmənin həyata keçirilməsi məqsədilə SOCAR-ın İnsan Resursları Departamenti, İqtisadiyyat və Uçot İdarəsi, Hüquq İdarəsi, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və “Azneft” İB rəhbərliyinin iştirakı ilə “Siyəzənneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) kollektivi ilə onlayn görüş keçirilib. Görüş zamanı işçilərin fikirləri dinlənilib, hazırkı şəraitdə boşdayanmaların və sərbəstləşmənin labüd olduğu bildirilib, SOCAR-da bu problemin işçilərdə yeni səriştə və qabiliyyətlərin formalaşdırılması, onların hazırkı tələbata uyğun olaraq, müvafiq fərqli fəaliyyət sahələrinə yönləndirilməsi vasitəsilə həll edildiyinə dair izahat verilib. Qeyd olunub ki, görülən tədbirər qüvvədə olan qanunvericiliyin, o cümlədən Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilir və rəsmiləşdirilir. İşçilərin bacarıq və səriştələrinin qiymətləndirilməsi şəffaf və ədalətli şəkildə həyata keçirilir, proqram iştirakçılarına şirkət daxilində mövcud olan və yaranacaq vakansiyaları tutmaq üçün bərabər imkanlar yaradılır. Qiymətləndirmə və testləşdirmədə daha aşağı nəticə göstərən işçilərin müəyyən bir qisminin xüsusi proqrama cəlb olunması nəzərdən keçirilir. Proqramda olan işçilərə bütün imtiyazlar saxlanılmaqla yanaşı orta aylıq əməkhaqqının 50 faizi, boşdayanmada olanlara isə qanunvericiliyin tələblərinə uyğun ödəniş edilməklə müvafiq təlimlərə cəlb edilmələri nəzərdə tutulub. Bütün sosial paketlərdən, həmçinin sığorta imkanlarından istifadə edə biləcək bu işçilər üçün SOCAR-ın digər sturukturlarında yeni yaranacaq vakansiyalar üzrə iş yerlərinın axtarılması və onların işlə təmin edilməsi də diqqət mərkəzində saxlanılacaq.

Görüşdə optimallaşdırma və qiymətləndirmə tədbirləri, boşdayanma halları ilə bağlı təklif olunan xüsusi proqramlar barədə “Siyəzənneft” NQÇİ-nin işçilərinin fikir, təklif və iradları dinlənilib, rəhbər şəxslər onların suallarını cavablandırıblar.
Bu xəbər oxucular tərəfindən 99 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed