Şrift:
İsmət Qayıbovun şəhidlik tarixinə - 18 il öncə yazılan yazı
20.11.2012 [13:01] - Sosial
Jurnalistlərə, əgər qoruya bilirlərsə, arxivlərindəki yazılarından başqa nə qalır ki... Mən də bu günlərdə yazı arxivimdə gəzişərkən İsmət Qayıbov haqqında qələmə aldığım yazılardan birini tapdım. Bu yazını 1994-cü ilin dekabr ayında yazmışdım...

ÇİÇƏKLƏRİ ÜÇÜN QƏRİBSƏYƏN MƏZAR

Nə vaxtsa Şəbnurun babası atasına nağıllar danışardı... və o nağıllarda xeyir şərə üstün gələrdi. Bu gün çox şey dəyişib. Hərdən, yada düşəndə televizya ekranlarından xatırlanan babasını tanıyan Şəbnur bu nağılın nədən belə açı sonluqla bitdiyini anlaya bilmir. Bütün olub-keçənləri anlamaq üçün qızcığaz hələ çox şeyi biləcək. Biləcək ki, dünyada təkçə yaxşılıqlar deyil, bütün yaxşılıqları qəhr eləyən namərdlər, nakəslər olur. Biləcək ki, babası İsmət Qayıbov minlərlə azərbaycanlı və qeyri millətlərin yaddaşında təkcə mübariz, mətin hüquqşünas kimi deyil, həm də gözəl insan kimi yaşayır. Biləcək ki, körpələrin bir damla göz yaşına dözə bilməyən İsmət Qayıbov, elin göz yaşları selində dəfn olundu.

... Vətənimizdə müharibənin qızğın vaxtlarında baş verənləri sakit izləyə bilməyən Azərbaycan Respublikasının Baş prokuroru İsmət Qayıbov rahat kabinetində rahat otura bilmirdi. Səhər evdən işə yollanandan, bir neçə saat sonra sorağı respublikanın döyüş bölgələrindən gəlirdi. Belə tələsik səfərlərindən birində nə evə zəng etdi, nə də qayıda bildi. Həmin o müdhiş və ağır ayrılıq günlərini xatırlamaq üçün Respublika Baş Prokurorluğunun Sosial və iqtisadi sahələrdə qanunların icrasına nəzarət idarəsinin prokuroru İsmayıl Qayıbovla görüşdüm. Və bu görüşdən ürəyimdə bir azca sevinc göyərdi desəm, inanın mənə. İsmayılın səsi, ədaları da, danışıq tərzi də İsmət Qayıbova çox bənzəyir. İsmayıl dedi ki, atası haqqında atası olduğu üçün deyil, ədalətli orqan işçisi, gözəl bir insan olduğu üçün belə ürəklə danışır:

- İndi məsləhətləşməyə bir kimsə tapmıram. İnsanın elə anları olur ki, məhz atasına çox ehtiyac duyur. Atamdan sonra çox şeylərə öyrəşirəm. Onun haqqında danışılanların artıq xatirə olmasına da, ondan sonra Azərbaycanda baş verən itkilərimizə də. Hətta yaxşını pisdən ayırd etməyi də, atamın yoxluğu öyrədib mənə. Dostlarını da saf-çürük etmişəm. Atamı unutmayanlar onu təkcə 20 noyabrda deyil, həm də 8 oktyabrda - doğulduğu gündə də yad edirlər. Atamın sağlığında “vəfalı” dost-tanışlarının bugünkü vəfasızlığını görəndə isə təəccüblənmirəm. Bü gün gördüyüm hər bir işə əvvəla atamın gözü ilə baxıb, sonra qərar qəbul edirəm. Əgər bundan sonra yaşadığım ömrümü atam kimi yaşamasam, onun adı ilə öyünməyə haqqım olmaz. İşimlə bağlı bir çox rayonlara gedirəm. Kimsə biləndə ki, İsmət Qayıbovun oğluyam, onu bir daha hörmətlə və məhəbbətlə yad edirlər, sevinc hiss keçirirəm, qürur duyuram.

Özündən sonra xoş xatirələrini, xeyirxah əməllərini xatırlamalar hər hüquqşünasa, prokurora nəsib olmur. Təkçə İsmayılın deyil, çoxlarının yaddaşında İsmət Qayıbov mədəniyyətimizin və ədəbiyyatımızın da gözəl bilicisi kimi qalır. Onu tanıyanlar deyirlər ki, ürəyincə düzənlənən məclislərdə dönüb olurdu şeir-muğamat bilicisi. Klassiklərdən və müasirlərdən elə danışırdı ki, onun hüquqşünasdan daha çox ədəbiyyatçı olduğuna şübhə qalmırdı. Ömrünün atası ilə keçən şeirli-nəğməli günlərini belə xatırlayır İsmayıl Qayıbov:

- İşdə nə qədər yorğunluğu, əsəbiliyi olurdusa, mənzilimizin giriş qapısının o biri üzündə qalırdı. Gəlişi ilə evimizə işıq, mahnı, gülüş, xoş əhval-ruhiyyə gətirərdi. Muğam konsertlərinin heç birini ötürməzdi. Hətta uşaq vaxtı bizi dizləri üstünə alıb, məcburən muğamları dinləməyə vadar edərdi. Əlbəttə, uşaq idik, əvəllər öyrəşə bilmirdik. İndi bacım Füruzə də, özüm də harada muğam səsi eşidiriksə, böyük həvəslə dinləyirik.

İsmayıl atasından sonra çox şeylərə öyrəşməli olub. Onun üçün atasız qaldığı yolun ilki ayrılıqdan başladı. İsmayılın anası, Leyla xanım isə heç cürə bu ayrılığa öyrəşə bilmir. 20 noyabr 1991-ci ildə əlində tikib qurtara bilmədiyi yaşıl rəngli donluğu isə elə həmin gündən yarımçıq qaldı. İstəyirdi ki, bu yaşıl paltarı nəvələrinin babası qayıdandan sonra, göyərən, çiçək açan ümidi kimi tikib geyinsin əyninə.
Əlbəttə, Qayıbovlar ailəsinə məxsus bu xatirə yazısına elə buradaca son qoymaq da olardı, İsmət müəllimi dünyanın ən yaxşı adamı kimi tanıyan o qızın kövrək xatirələri olmasaydı. İsmət Qayıbovun Sumqayıt şəhər Prokurorluğundakı qəbul otağında işləyən Lalə adlı gənc qızın dürlü-dürlü xatirələrləri də bu yazının ardı oldu:

- İsmət müəllimin qəbuluna kim gəlsəydi stolunun üstündəki şirniyyatlara mütləq qonaq edərdi. Ümumiyyətlə onunla işlədiyim bir neçə il ərzində hələ bir nəfərin belə, şikayətinə barmaqarası baxdığını görməmişdim. Bir dəfə qəbuluna əyninindəki paltarları cırılmiş bir qadın gəldi. Qadın onunla görüşüb, otaqdan çıxandan sonra, dərhal İsmət müəllim məni çağırıb bir bağlama verib dedi ki, təcili o qadına çatdırım. Dediyi kimi də etdim. Sonradan bildim ki, o bağlamadakı paltarları qızı üçün hədiyyə alıbmış. Neçə illərdir ki, hüquq-mühafizə orqanı işçiləri ilə çiyin-çiyinə çalışıram. Lakin kollektivin hər bir üzvünün qayğısına doğma övladı kimi qalan İsmət müəllimi əvəz edən kimsəylə rastlaşmadım. O başqa aləm idi. O insanlara sevinc bəxş etmək, yaxşılıq etmək üçün yaranmışdı. Sümqayıt şəhər Prokurorluğunun həyətində əkdirdiyi çiçəklər və güllər artıq neçə ildir ki, İsmət müəllimin qayğısını görmür. Elə bir gün olmazdı ki, stolunun üstünə təzə-tər çiçəklər qoyulmasın. Ona görə hər bahar qəribsədiyi çiçəklərdən dəstə bağlayıb, məzarının üstünə aparıram. İsmət müəllimin ruhu onu tanıyanların, sevənlərin hamısının başının üstündə dolanır. Bu yaxınlarda da başıma gələn bir hadisəni danışmaq üçün onun qəbrinin üstünə getdim. Sağlığında bizim ailəyə hər cür məhəbbət göstərən, bizi düşdüyümüz çətinliklərdən qurtaran İsmət müəllimin ruhu həmin gün də köməyim oldu. Çətinə düşən işimiz düzəldi...

***
Bu yazı 1994-cü ilin dekabrında qələmə alınıb.
... 1991-ci ildə qanlı terror baş verəndə 22 insan həyatını itirdi. Onları Şəhidlər Xiyabnında dəfn etdik... elliklə.... onda Azərbaycanda hamı birləşməyi bacarırdı... Onda çox andlar içildi.... dedilər ki, bu qan yerdə qalmayacaq... İsmət Qayıbovun, Zülfü Hacıyevin, Alı Mustafayevin, Serik Mambetovun ... qanı alınacaq. Düz 21 il bundan əvvəl...

Aida Eyvazlı
20 noyabr 2012-ci il
Bu xəbər oxucular tərəfindən 1427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed