Şrift:
TAP layihəsinin istifadəyə verilməsinə dair beynəlxalq vebinar təşkil olunub
16.12.2020 [11:46] - Gündəm, İqtisadiyyat
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycan təbii qazının Avropaya çatdırılması və “Trans-Adriatik” boru kəmərinin rolu” adlı beynəlxalq vebinar keçirib.

BMTM-nin mətbuat xidmətindən bildirilib ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev son aylar Azərbaycanın gündəmində cəbhədə baş verən hadisələrin, II Qarabağ müharibəsi, Azərbaycan torpaqlarının işğaldan azad olunması məsələsinin əsas yeri tutduğunu bildirib. Onun sözlərinə görə, bütün bunların fonunda Azərbaycan üçün son dərəcə vacib olan digər hadisə baş verib, TAP layihəsi başa çatdırılıb və tam istifadəyə hazır vəziyyətə gətirilib. F.Şəfiyev əlavə edib ki, 90-cı illərin sonunda dünyanın Bakı-Tbilisi-Ceyhan layihəsi ilə bağlı səsləndirilən skeptik fikirlər TAP və TANAP layihələri zamanı da irəli sürülsə də, Azərbaycan bu gün layihəni uğurlu şəkildə başa çatdırıb.

SOCAR-ın investisiya və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Cənubi Qaz Dəhlizi layihəsinin Azərbaycanın neft və qaz sənayesində çox böyük rola malik olduğunu deyib. Onun sözlərinə görə, bu layihə sərmayələr, səylər və müxtəlif ölkələrin cəlb edilməsi baxımından da Azərbaycanın həyata keçirdiyi ən uzun layihədir: “Deyə bilərik ki, Azərbaycanın illər əvvəl qəbul etdiyi enerji strategiyasının birinci mərhələsi artıq yekunlaşmağa yaxındır. TAP kommersiya əməliyyatlarının aparılması üçün tam hazırdır. Artıq bu ilin sonuna kimi biz və hətta Yunanıstan, İtaliya, Bolqarıstan bu xətt vasitəsi ilə axacaq qazın şahidi olacaq”.

SOCAR-ın rəsmisi bildirib ki, layihə həm Azərbaycan, həm tərəfdaş Gürcüstan və Türkiyə, həmçinin Avropa İttifaqı üçün çox vacib nəqliyyat və tranzit layihəsidir. V.Bəylərbəyov, həmçinin bu ilin iyulunda Azərbaycanı Gürcüstana bağlayan və qərbə çıxışını təmin edən enerji və nəqliyyat layihələrinin Ermənistanın təcavüzünə məruz qalmasından danışıb. Onun sözlərinə görə, bununla Ermənistan enerji dəhlizi üzərində öz nəzarətini sübut etməyə cəhd edib. Lakin hazırda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməklə bu təhlükəni də aradan qaldırdığını bildirən SOCAR-ın rəsmisi layihələrdən əldə olunan sərmayələr nəticəsində həmin ərazilərdə etnik mənsubiyyətinə fərq qoymadan inkişaf layihələrinin həyata keçiriləcəyini diqqətə çatdırıb.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, “Atlantic Council”ın aparıcı eksperti Metyu Brayza ABŞ-la Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq və münasibətlərin tarixinə toxunaraq qeyd edib ki, ölkəsi 90-cı illərin əvvəllərində müharibədən yeni çıxmış və iqtisadi böhranla üz-üzə olan Azərbaycandakı layihələrə tam ümid bəsləmirdi. Lakin bu gün ABŞ bu layihələrin ən böyük siyasi dəstəkçilərindən: “O dövrdə irəli sürülən bütün fikirlərə baxmayaraq Azərbaycan milli neft və qaz sənayesini inkişaf etdirməyə qərar verdi. Azərbaycan hazırda iqtisadi imkanları və tərəfdaşları ilə bu layihələri həyata keçirir. Azərbaycanla Aİ arasında fiziki və ya iqtisadi bağlantı Azərbaycanın nəinki uzunmüddətli inkişafı, həm də fiziki təhlükəsizliyini təmin edən amillərdən biridir”.

BMTM-in idarə heyətinin üzvü Esmira Cəfərova Azərbaycanın enerji ixracatçısı kimi getdiyi yolun heç də asan olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan bu layihələri reallığa çevirmək üçün beynəlxalq tərəfdaşları və təşkilatlarla sıx işləyib, indi isə Azərbaycan enerji təhlükəsizliyinin ixracatçısıdır. O, 3d (decarbonisation, diversification, demand) konseptindən danışıb və layihənin təbii qazın təmiz enerji mənbəyi kimi Avropanın dekarbonizasiya siyasətinə, enerji mənbələrini şaxələndirmə ideyalarına və bölgənin tələbinin qarşılanmasına töhfəsini qeyd edib. E.Cəfərova, həmçinin bildirib ki, bərpaolunan enerji mənbələrinin çoxalması və Avropada 2020-ci ilə qədər olan “yaşıl enerji” strategiyasına baxmayaraq, təbii qaza olan tələbat Avropa İttifaqı və beynəlxalq ekspertlər tərəfindən qəbul edilib.

Avropa Siyasi Mərkəzinin (“European Policy Center”) baş məsləhətçisi Marko Qiuli layihənin Avropada maddi, normativ və milli maraqlar baxımından əhəmiyyətini qeyd edib. O bildirib ki, TAP layihəsi Avropada geniş hədəf kütləsini əhatə edir və bununla da qitənin bir hissəsi enerji sahəsində rəqabətə daha dözümlü sahəyə çevrilir.

Sonda vebinar sual-cavab sessiyası ilə davam etdirilib.
Bu xəbər oxucular tərəfindən 120 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed