Şrift:
Muxtar respublikada həyata keçirilən tədbirlər qədim diyarın inkişafının davamlılığını təmin edib
17.12.2020 [11:23] - Xəbərlər, Sağlıq, Bildiriş
Son 25 ildə sosial, iqtisadi, mədəni, humanitar, siyasi və digər sahələrdə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər qədim diyarın inkişafının davamlılığını təmin edib.

Bu barədə “Naxçıvan” Universitetində keçirilən “Naxçıvanda son 25 ildə sosial-iqtisadi inkişaf” adlı respublika konfransında ətraflı danışılıb.

Konfransda çıxış edən ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva bildirib ki, muxtar respublikada ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi xəttin uğurla davam etdirilməsi, görülən hər bir işin elmi əsaslara söykənməsi, uzunmüddətli inkişafın tərkib hissəsi olması sosial proqramların reallaşdırılmasına, əhalinin rifah halının gündən-günə daha da yaxşılaşmasına yol açır.

Turizm Departamentinin direktoru Əkbər Novruzovun “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf tendensiyası”, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Hüseyn Bağırsoylunun “Naxçıvan İqtisadi Rayonunun ölkə iqtisadiyyatında yeri və təsərrüfatının inkişaf mərhələləri”, Naxçıvan Dövlət Universitetinin əməkdaşı, professor Teymur Abbasovun “Müasir iqtisadi şəraitdə Naxçıvan Muxtar Respublikasında innovasiyalı iqtisadiyyata keçidin zəruriliyi”, iqtisad üzrə elmlər doktoru Mehdi Bağırovun “Mühasibat uçotunun təməl tərkib elementləri: İqtisadi təhlil və nəzarət fəaliyyətinin qarşılıqlı əlaqələri”, Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, dosent Mehriban İmanovanın “Uğurlu siyasət və əsrə bərabər inkişaf nümunəsi” mövzularında çıxışları dinlənilib.

Çıxışlarda bildirilib ki, son 25 ildə həyata keçirilən kompleks quruculuq işləri Naxçıvan Muxtar Respublikasını bütünlükdə əhatə edib. İnzibati və yaşayış binalarının istifadəyə verilməsi ilə yanaşı, yeni parklar salınır, sakinlərin və turistlərin mənalı istirahəti təşkil olunur. Naxçıvan şəhərində tarixi görkəm qorunub saxlanılmaqla yanaşı, həm də müasir şəhər infrastrukturu yaradılıb. Muxtar respublikanın rəngarəng landşaftı, qədim tarixi, mədəniyyət və təbiət abidələri mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin diqqət və qayğısı nəticəsində yeni turizm mərkəzləri yaradılır və inkişaf etdirilir.

Sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.
Bu xəbər oxucular tərəfindən 602 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed