Şrift:
İşğaldan azad olunmuş Cəbrayıl rayonu müxtəlif əsrlərə aid tarixi abidələrlə zəngindir
22.12.2020 [11:16] - Gündəm, Mədəniyyət
İşğaldan azad olunmuş Cəbrayıl rayonu müxtəlif əsrlərə aid tarixi abidələrlə zəngindir. Rayondakı Tunc dövrünə aid siklop tikililəri, Son Tunc və Erkən Dəmir dövrünə aid kurqanlar və yaşayış yerləri, erkən orta əsrlərə aid Ağoğlan nekropolu, V-VI əsrlərə aid Qala bürcü, XI və XIII əsrlərə aid Xudafərin körpüləri, XII əsrə aid Qız qalası, XIII-XIV əsrlərə aid dairəvi və səkkizguşəli türbələr, başıkəsik günbəz, XV əsrə aid ərəb yazılı qoç heykəli və digər abidələr tariximizin araşdırılmasında böyük əhəmiyyət kəsb edir.

Bunu müsahibəsində Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə deyib. Həmin abidələrin bir neçəsi haqqında məlumat verən N.Quluzadə bildirib ki, Qumlaq kəndi yaxınlığında yerləşən Xudafərin körpülərindən biri on beş aşırımlıdır. Bu körpü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin əmri ilə təbii qayalar üzərində inşa olunub. Bişmiş kərpic və çaydaşından tikilmiş bu körpünün tağları sivri formasındadır. Onun ümumi uzunluğu 200 metrə yaxın olub, eni 4,5 metr, çay səviyyəsindən ən çox hündürlüyü 12 metrdir. Ən iri tağ aşırımının hündürlüyü 8,7 metr, ən kiçiyinin isə 5,8 metrdir. Körpünün bütün tağları kərpicdən qurulsa da, əsas hissəsini çay daşları təşkil edir.

Alim qeyd edib ki, Cəbrayıl rayonu ərazisində daha bir unikal abidə Şıxlar kəndinin ərazisindəki ziyarətgahdır. “Şıxbaba” ziyarətgahı adlanan bu abidənin 1308-ci ilə aid kitabəsində onun Qarabağda "Qədiriyyə" cəmiyyətinin şeyxi Şeyx Qiyasəddinli oğlu şeyx Əbdülsalmanın qəbrinə aid olduğu göstərilir. Şıxbabab ziyarətgahı XIV əsrə aid edilir. Ziyarətgahın yerləşdiyi Şıxlar kəndi də “Şıxbaba” ziyarətgahının adındandır.

Unikallığına görə Xudayarlı türbələri də Azərbaycan tarix-memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Xudayarlı kəndi ərazisində bir-birinə yaxın yerləşən iki türbə dövrümüzə kimi gəlib çatıb. Onlardan biri planda dairəvi, digəri isə səkkizguşəli formaya malikdir. Yaxşı yonulmuş qumdaşından inşa edilmiş bu türbələr aid olduqları XIII–XIV əsr memarlığını öyrənmək baxımından böyük maraq kəsb edirlər.
Bu xəbər oxucular tərəfindən 335 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed