Şrift:
“Peşəkarla görüş” layihəsinin növbəti qonağı Vətən müharibəsi qəhrəmanı olub
25.12.2020 [10:36] - Gündəm, Hərb
Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Görüşün qonağı 44 günlük Zəfər yürüşünün iştirakçısı, “Vətən Müharibəsi Qəhramanı”, mayor Elnur Şirinov olub.

Universitetdən bildirilib ki, əvvəlcə, MDU-nun əsas tədris korpusunda xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünün və universitetin şəhid məzunlarının xatirə guşəsinin qarşısına gül dəstələri düzülüb, Ulu Öndərin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda “Tarixi Zəfər” mövzusunda keçirilən görüşün moderatoru MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində Vətən müharibəsində əldə olunan şanlı Qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.

Tədbirin qalib xalqın qalib lideri kimi adı Azərbaycan tarixinə və qədirbilən xalqımızın yaddaşına əbədi yazılan, tarixi zəfərin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum gününə həsr edildiyini diqqətə çatdıran rektor MDU-nun professor-müəllim, inzibati-texniki, tələbə və məzun heyəti adından ölkə başçısını təbrik edib.

Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarını diqqətə çatdıran Ş.Bayramov Vətən müharibəsində canından və qanından keçmiş şəhidlərmizin xatirəsinin uca tutulması, onların adlarının əbədiləşdirilməsi, cəsur əsgər və zabitlərimizin şücaətlərinin yüksək qiymətləndirilməsi və qəhrəmanlıqlarının təbliğ edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edib.

MDU-nun “Peşəkarla görüş” layihəsinin bugünkü qonağı qismində “Vətən Müharibəsi Qəhramanı”, mayor Elnur Şirinovun iştirak etməsindən böyük məmnunluq və qürur hissi keçirdiyini bildirən rektor görüşün əsas məqsədinin mingəçevirli qəhrəman zabitimizin keçdiyi şərəfli döyüş yolu, göstərdiyi igidlik və vətənpərvərlik nümunəsi, hərbi peşəkarlığı və digər müsbət keyfiyyətləri barədə tələbə gəncləri məlumatlandırmaq, onların vətənə, xalqa və dövlətə bağlı, layiqli vətəndaş kimi yetişdirilməsi işinə töhfə vermək olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən nümayiş etdirdiyi igidlik və mərdliyə görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülməsi münasibətilə E.Şirinovu ürəkdən təbrik edən Ş.Bayramov, dəvəti qəbul edib görüşdə iştirak etdiyi üçün ona təşəkkürünü bildirib.

Səmimi dialoq şəraitində keçən görüşdə E.Şirinov belə bir əlamətdar gündə MDU-nun tələbə, magistrant və professor-müəllim heyəti üzvlərinin iştirak etdiyi görüşə qatılmaqdan məmnunluğunu ifadə edib. Qalib Ordunun zabiti kimi sonsuz fəxarət hissi keçirdiyini qeyd edən mayor tarixi qələbənin əldə olunmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin, göstərdiyi güclü siyasi iradənin misilsiz rolundan və qəhrəman Azərbaycan əsgərinin rəşadətindən bəhs edib.

Vətən Müharibəsinin otuz illik yurd həsrətinə son qoyulması ilə nəticələnməsindən yüksək qürur hissi duyduğunu bildirən E.Şirinov işğal altında olan torpaqlarımızın azad edilməsinin şəhidlərimizin və qazilərimizin böyük fədakarlığı və qəhrəmanlığı sayəsində mümkün olduğunu diqqətə çatdırıb.

Füzulidən başlayaraq Şuşanın azad olunmasınadək şərəfli döyüş yolu keçən E.Şirinov qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsində şəxsi heyətin, eləcə də həkimlərin göstərmiş olduğu qəhrəmanlıqdan bəhs edib. Müzəffər Ali Baş Komandanın yüksək sərkərdəlik məharətindən, onun cəsarətli çıxışlarından, xalqın mənəvi dəstəyindən, haqq-ədalətin tərəfimizdə olmasından və doğma Qarabağın səfalı təbiətindən ilham alaraq hər zaman yüksək vətənpərvərlik və mübarizlik ruhu ilə döyüşlərə qatıldığını bildirən mayor Qələbəyə gedən yolda bu amillərin əhəmiyyətini xüsusi vurğulayıb.

2020-ci ilin dekabrın 10-da keçirilən möhtəşəm Zəfər paradında iştirakı ilə bağlı təəssüratlarını bölüşən E.Şirinov müzəffər Azərbaycan Ordusunun qalib zabiti kimi torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş hərbçilərimiz ilə bir sırada Azadlıq meydanında üzüağ, alnıaçıq və qürurla addımlamaqdan keçirdiyi yüksək fəxarət hissindən danışıb.

Vətənpərvər olmaq üçün vətəni sevməyin və vəzifə borcunu layiqincə həyata keçirməyin gərəkli olduğunu vurğulayan qəhrəman zabitimiz bu günün tələbəsi və sabahın əsgərləri olacaq gənclərimizə peşəkar hərbçi olmağın başlıca şərtlərindən danışıb və onlara daim öz bilik və bacarıqlarını artırmağı tövsiyə edib.

Sonda, mayor E.Şirinov gənclərimizdə yüksək mənəvi keyfiyyətlər və peşəkarlıq bacarıqları aşılayan belə bir layihənin həyata keçirilməsinə görə MDU rəhbərliyinə təşəkkürünü bildirib.

Şərəfli döyüş xatirələri və təəssüratlarından geniş söhbət açan mayor tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Səmimi ortamda keçən görüş həm qonağın, həm də tələbə və müəllim kollektivinin böyük marağına səbəb olub.
Bu xəbər oxucular tərəfindən 1227 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed