Şrift:
Yanvar ayına olan hava proqnozu
30.12.2020 [11:44] - Gündəm, Bildiriş
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin sabit keçəcəyi proqnozlaşdırılır.

Xidmətdən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 3-5° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında isə orta sutkalıq temperatur 3° şaxtadan 2°-dək isti olacaq. Gecələr havanın temperaturunun 1-5° isti, üçüncü ongünlüyün bəzi günlərində 2-5° şaxta, gündüzlər 6-11°, üçüncü ongünlüyün bəzi günlərində 0-3° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 18-28 millimetr) olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 0-4° şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 3-8°, bəzi günlərdə 15-20° şaxta, gündüzlər 3-8° isti, bəzi günlərdə 0-5° şaxta olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 14-25 millimetr) olacağı bildirilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperatur 1-4° şaxta olacaq. Bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 3-8°, bəzi günlərdə 15-20° şaxta, gündüzlər 2-7° isti, bəzi günlərdə 2-7° şaxta olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 16-24 millimetr) proqnozlaşdırılır.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperatur 1-3° isti olacaq. Bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 0-5° isti, bəzi günlərdə 5-10° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 millimetr) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 2° şaxtadan 2°-dək isti olacağı proqnozlaşdırılır. Bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 1-6°, bəzi günlərdə 8-13°, yüksək dağlıq ərazilərdə 20-25° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə 0-5° şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 22-49 millimetr) gözlənilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 3-5° isti olacağı bildirilir. Bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 2-7° isti, bəzi günlərdə 1-6° şaxta, gündüzlər 6-11°, bəzi günlərdə 0-3° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 17-30 millimetr) ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperatur 1-5° isti olacaq. Bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 2-7° isti, bəzi günlərdə 0-3° şaxta, dağlarda 8-13° şaxta, gündüzlər 6-11°, bəzi günlərdə 0-3° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 63-98 millimetr) gözlənilir.

Qeyd edək ki, çoxillik meteoroloji müşahidələrə görə yanvar ayında Bakı şəhərində ən yüksək temperatur 1979-cu ilin yanvar ayının 4-də qeydə alınıb və həmin gün havanın maksimal temperaturu 22.3° isti olub. Ən soyuq gün isə Bakıda 1907-ci ilin yanvar ayının 24-də müşahidə edilib. Həmin gün havanın minimal temperaturu 11° şaxta təşkil edib.
Bu xəbər oxucular tərəfindən 830 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed