Şrift:
İndoneziya saytı ermənilərin azərbaycanlı əsirlərə işgəncə verməsi barədə məqalə yayıb
07.01.2021 [10:55] - Xəbərlər, Siyasət
İndoneziyanın “matamatapolitik.com” saytı Ermənistanda saxlanılan azərbaycanlı əsirlərə verilən işgəncələr barədə böyük məqalə yayıb.

“Ermənistanda saxlanılan azərbaycanlı əsirlərin taleyi: barmaqları sındırmaqla verilən işgəncələr” adlı məqalədə əvvəlcə Dağlıq Qarabağdakı, Azərbaycan Ordusunun qələbəsindən sonra isə Ermənistandakı həbsxanada saxlanılan Dilqəm Əsgərovun “Əl Cəzirə” qəzetinə müsahibəsi əsasında ona verilən işgəncələr barədə ətraflı məlumat öz əksini tapıb.

Yazıda altı il erməni əsirliyində qalan D.Əsgərovun barmaqlarının sındırılması və elektrik enerjisi vasitəsilə ona işgəncə verilməsi barədə etirafları geniş yer alıb.

Məqalədə Kəlbəcər rayonunda dünyaya gələn Dilqəm Əsgərovun ermənilər tərəfindən əsir götürülməsi barədə ətraflı məlumat öz əksini tapıb. Qeyd edilib ki, onun anası 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal edilən Kəlbəcər rayonunda dəfn edilib. Doğma torpaqlarda yaşadığı zamanı daim anasının qəbrini ziyarət edən D.Əsgərov işğaldan sonra həmin əraziyə gedə bilməyib.

Anasının və digər qohumlarının qəbirlərini ziyarət etməkdə israrlı olan D.Əsgərov və digər yoldaşları təhlükəyə baxmayaraq, doğma kəndə keçməyə nail olublar. Hazırda 60 yaşı olan Dilqəm 2014-cü ilədək bu səfərlər zamanı zərər çəkməyib. Həmin ilin iyulunda Kəlbəcər rayonuna keçən Dilqəm Əsgərov və Şahbaz Quliyev ermənilər tərəfindən ələ keçirilib. Onlarla birlikdə olan üçüncü azərbaycanlı Həsən Həsənov isə ermənilər tərəfindən öldürülüb.

Bildirilir ki, həbs olunarkən D.Əsgərovun Rusiya vətəndaşı olması belə onun köməyinə çatmayıb. Həmin üç nəfəri kəşfiyyat məlumatları toplamaqda ittiham edən Ermənistanın rəsmi şəxsləri onları cəbhə xəttini qeyri-qanuni keçməkdə və 17 yaşlı yerli sakini öldürməkdə təqsirli elan ediblər. Lakin azərbaycanlı əsirlər bu ittihamları heç vaxt qəbul etməyiblər.

Məqalədə qeyd edilir ki, D.Əsgərov “Əl-Cəzirə” qəzeti müxbirinin suallarını telefon vasitəsilə Azərbaycan Ordusunun Ermənistandan geri alınmış Kəlbəcərdəki evindən cavablandırıb. D.Əsgərov və Ş.Quliyev tərəflər arasında əldə edilən razılaşmaya əsasən ötən ilin dekabrında evlərinə dönüblər.

Bildirilir ki, 2014-cü ilin iyulunda həbs olunan D.Əsgərov və Ş.Quliyev Xankəndidəki həbsxanada saxlanıblar. D.Əsgərovu ilk dəfə heç bir beynəlxalq qurum tərəfindən tanınmayan Dağlıq Qarabağ məhkəməsinə gözübağlı şəkildə çıxarıblar. Həmin vaxt o, normal şəkildə yerisə də, ikinci dəfə keçirilən məhkəmə iclasında axsayırmış və bu ona işgəncə verildiyini təsdiq edir.

Məqalədə vurğulanır ki, beynəlxalq hüququn tanımadığı Dağlıq Qarabağ məhkəməsi casusluqda və adam öldürməkdə təqsirli bilinən D.Əsgərov haqqında ömürlük, Ş.Quliyev haqqında isə 22 il azadlıqdan məhrumetmə qərarı çıxarıb.

Onların hər ikisi israrla günahsız olduqlarını bəyan ediblər.

Yazıda D.Əsgərova istinadla bildirilir ki, həbsxanaya gətirilərkən onun barmaqlarını sındırıblar.

Məqalədə D.Əsgərovun Qırmızı Xaç Cəmiyyəti tərəfindən ona bağışlanan radioqəbuledici vasitəsilə Azərbaycan, cəbhədəki vəziyyət barədə xəbərləri böyük həyəcanla dinləməsi barədə məlumata da yer verilib. Qeyd edilib ki, ötən ilin sentyabrında Azərbaycan ordusunun əks-hücuma keçərək işğal altında olan torpaqları azad etməsi barədə xəbərləri də o bu radioqəbuledici vasitəsilə dinləyib.

Yazıda bildirilir ki, Azərbaycan Ordusunun torpaqları azad edərək Şuşaya yaxınlaşmasından qorxuya düşən ermənilər onları buradakı həbsxanadan çıxararaq Ermənistana aparıblar. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında atəşkəs barədə imzalanan razılaşmadan sonra digər əsirlərlə yanaşı, D.Əsgərov və Ş.Quliyev də azad edilərək Azərbaycana təhvil veriliblər.
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed