Şrift:
Deputat: Paşinyanın məqaləsi Azərbaycana qarşı düşmənçilik mövqeyində olan ölkənin baş nazirinin etirafıdır
07.01.2021 [11:00] - Xəbərlər, Siyasət
Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuatda yayılmış “44 günlük müharibənin kökləri” adlı məqaləsi təkcə Ermənistanda və Cənubi Qafqazda deyil, erməni diaspora təşkilatlarında da çox böyük əks-səda doğurub. Əslində, Paşinyan bu məqaləsi ilə ölkəsində, bölgədə və erməni diasporasında, eləcə də beynəlxalq təşkilatlarda Qarabağ münaqişəsi ilə bağlı 27 sentyabra qədər nələr baş verdiyini və bugünkü mövcud durumu dəyərləndirib. Paşinyan məqaləsində obyektivlik göstərməyə çalışsa da, sözsüz ki, erməni xalqının, daha doğrusu, erməni separatçılarının və onları dəstəkləyənlərin də marağını qorumağa çalışıb. İlk dəfədir ki, Ermənistanın yüksək səviyyəli bir rəsmisi sələflərini və onları dəstəkləyənləri belə açıq formada tənqid və ifşa edir. Paşinyan bu məqaləsi ilə dünyada süni olaraq yaradılmış guya “güclü erməni dövləti” mifini də alt-üst edib.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

M.İbrahimqızı qeyd edib ki, Paşinyan öz məqaləsində Ermənistan diplomatiyasının, hərbisinin məğlubiyyətinin, ölkəsindəki hazırkı acınacaqlı durumu və iflasını ondan əvvəlki prezidentlərin uğursuz fəaliyyəti ilə əsaslandırıb. O məhz Köçaryan-Sarkisyan cütlüyünün erməni xalqını və dövlətini fəlakətə sürüklədiyini bildirərək, onları ittiham edir: “Əslində, Paşinyan bu məqaləsi ilə belə bir saxta, uydurma, ədalətsiz, heç bir tarixi gerçəkliklərə və beynəlxalq hüquqa sığmayan ideologiyanın beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsinə görə ciddi və düşündürücü mesajlar göndərib. Paşinyan yazısında sələfləri Köçəryan və Sərkisyanı danışıqlar prosesindəki uğursuz imitasiya etmələrinin Ermənistan üçün deyil, Azərbaycan üçün çox əlverişli fürsət və imkanlar yaratdığını qeyd edir”.

Deputatın sözlərinə görə, Ermənistan rəhbəri məqaləsində bildirir ki, imitasiya nəticəsində verilmiş bu zaman Azərbaycanın bütün sahələrdə, daxildə və xüsusən də, beynəlxalq aləmdə güclənməsinə səbəb olub. Həqiqətən də, ötən otuz il ərzində istər ulu öndər Heydər Əliyevin istərsə də, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ilə dövlətimizin xarici siyasətində çox böyük uğurlar qazanıldı. Azərbaycanın uğurlu diplomatiyasının nəticəsində ən mötəbər kürsülərdə, Azərbaycan həqiqətləri səsləndi. Dünyanın bütün beynəlxalq təşkilatları Ermənistanı işğalçı kimi qəbul etdi. Azərbaycan beynəlxalq müstəvidə həm diplomatik, həm də iqtisadiyyat meydanında təcavüzkar Ermənistanı məğlub etdi. Azərbaycan həm XX əsrin, həm də XXI əsrin qlobal əhəmiyyətli layihələrinin müəllifi oldu. Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları arasında oldu.

“Paşinyan “44 günlük müharibənin kökləri” adlı məqaləsi ilə etiraf edir ki, Azərbaycan bütün parametrlərlə Ermənistanla müqayisə edilə bilməyəcək dərəcədə gücləndi. Köçəryan-Sərkisyan cütlüyünün məqsədi isə hakimiyyətdə olduğu dövrlərdə soyğunçuluq və korrupsiya yolu ilə ancaq öz varidatlarını artırmaq olub. Bu gün erməni xalqı səfalət və rəzalət içindədir. Erməni xalqı ölkəni tərk etmək üçün səbirsizliklə koronavirusla bağlı karantin rejiminin bitməsini gözləyir. Paşinyanın ölkəsi bütün sahələrdə ən ağır böhran vəziyyətini yaşayır. Ordu isə məhv olmuş vəziyyətdədir.

Məqalədə baş nazir həm açıq, həm də dolayısı yolla Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti ilə Ermənistanı beynəlxalq aləmdə blokadaya salındığını etiraf edir. Həqiqətən də Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində Prezident İlham Əliyevə qarşı nə qədər təzyiqlər olsa da, dövlət başçımız qətiyyətlə dəyişməz mövqe nümayiş etdirdi. Azərbaycan xalqının maraqlarına xidmət edən bu mövqe haqqı və ədaləti, tarixi və hüquqi həqiqətləri özündə əks etdirirdi. Məqsəd bir idi - işğala son qoymaq, bir ovuc torpağı belə düşmənə verməmək. Məqalədə baş nazir özündən əvvəlki sələflərini açıq şəkildə erməni xalqını aldatmaqda günahlandırır və qeyd edir ki, istər 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsi, istərsə də Lissabon samitindən Paşinyan hakimiyyətə gələnədək olan müddətdə bütün danışıqlar prosesi Azərbaycanın xeyrinə olub. O, həmçinin Lissabon samitini Ermənistanın ən böyük uğursuzluqlarından biri kimi xarakterizə edir”, -deyə M.İbrahimqızı bildirib.

Deputatın sözlərinə görə, Ermənistanın baş naziri bu məqaləsi ilə həm də erməni xalqının uçurumla üzbəüz dayandığını qeyd edir, erməni ideoloqlari və uydurma xalq qəhrəmanları tərəfindən aldadılmış xalqın gözünü açır. Məqalədə maraqlı cəhət ondan ibarətdir ki, Paşinyan Azərbaycanın ardıcıl və prinsipial səyləri nəticəsində Dağlıq Qarabağın statusunun gündəlikdən çıxmasını və ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Rusiyanın mövqeyində də status məsələsindən bəhs olunmadığı bildirilir.

“Paşinyanın məqaləsi Azərbaycana qarşı düşmənçilik mövqeyində olan bir ölkənin baş nazirinin etirafıdır”, - deyə deputat vurğulayıb
Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed