Şrift:
Yaponiyanın paytaxtı Tokioda və daha üç prefekturada fövqəladə vəziyyət rejimi elan olunub
08.01.2021 [11:01] - Gündəm, Sosial
Yaponiya hökuməti koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə paytaxt Tokioda və daha üç prefekturada fövqəladə vəziyyət rejimi elan edib.

Fövqəladə vəziyyət rejiminin tətbiqi barədə qərar cümə günü qüvvəyə minəcək və fevralın 7-dək davam edəcək.

Hökumətin qərarını elan edən Baş nazir Yoşihide Suqa deyib: “COVID-19-un ölkə ərazisində sürətlə yayılması həm insanların həyatına, həm də iqtisadiyyata güclü təsir göstərə bilər. Buna görə də mən virusla mübarizə barədə qanuna uyğun olaraq, fövqəladə vəziyyət rejimini elan edirəm”.

Qeyd edək ki, Yaponiyada fövqəladə vəziyyət Avropa ölkələri ilə müqayisədə daha yumşaq olması ilə fərqlənir. Həmin prefekturaların qubernatorları sakinləri profilaktika məqsədilə əməkdaşlığa çağırmaq üçün qanuni əsas əldə edirlər.

Yanvarın 8-dən başlayaraq restoran və barlar axşam saat 20:00-dan sonra bağlanacaq, spirtli içkilərin satışı isə bir saat bundan əvvəl dayandırılacaq. Sakinlərdən, həmçinin saat 20:00-dan sonra əhəmiyyətsiz gəzintilərdən imtina etmələri xahiş olunacaq. Şirkətlərə məsafədən işə üstünlük vermək və ofisdə çalışan işçilərin sayını 70 faizədək azaltmaq təklif ediləcək.

Baş nazir fövqəladə vəziyyət rejiminin tətbiqi barədə hökumətin qərarını elan etdikdən sonra əhalini əməkdaşlığa çağırmaq üçün mətbuat konfransı da keçirib.

Qeyd edək ki, bu, Yaponiyanın Tokio şəhərində elan edilən ikinci fövqəladə vəziyyət rejimidir. Yanvarın 7-nə olan məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların gündəlik sayı ilk dəfə olaraq 7 min nəfəri ötüb. Onların təqribən yarısı paytaxt Tokionun payına düşür.
Bu xəbər oxucular tərəfindən 80 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed