Şrift:
Millətçilikdə günahlandırılan Urmu bələdiyyə başçısı dindirilmək üçün Tehrana aparılıb
12.01.2021 [11:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Onlar Həzrətpuru millətçilikdə günahlandırırlar.



Dünən yanvar ayının 11-də həbs olunan urmu (Urmiya) bələdiyyəsinin başçısı Məhəmməd Həzrətpurun dindirilmək üçün Tehrana aparıldığı bildirilir.



​​​​​​​Bu barədə Urmu Şəhər Şurasının iki üzvü bilgi verib.



Şəhər Şurasının üzvü “Höccətül İslam Məhəmməd Xəlilpur” “İlna” xəbər agentliyinə verdiyi açıqlamada bələdiyyə başçısının ETTELAAT məmurları tərəfindən dindirilmək üçün Tehrana aparıldığını deyib.



Şəhər Şurasının başqa üzvü “Hüseyin Pənahi” də, M.Həzrətpurun “ətraflı izahat” üçün paytaxta aparıldığını təsdiq edib.


Məhəmməd Həzrətpur Qərbi Azərbaycanda yaşayan mühacir kürdlər və fars milliyyətçiləri tərəfindən sevilməyən və daima tənqid olunan məsul şəxs olub.



Mühacirlər və fars milliyyətçiləri mətbuatda onu dəfələrlə türkçülük və Azərbaycançılıqda ittiham ediblər.



Bir sıra hallarda M.Həzrətpuru Türkiyə və Azərbaycan “agenti” adlandıraraq vəzifədən alınması üçün Tehrana müraciət ünvanlayıblar.



Urmu Şəhər Şurasına üzv olan mühacir kürdlərlə onun arasında davamlı problemlər yaşanıb. Bələdiyyə və Şəhər Şurasının toplantılarında M.Həzrətpurun türkcə danışmasına etiraz edən mühacirlər onu ölkə qanunlarını tapdalamaqda və millətçilikdə günahlandırıblar.



Bu mübahisə və müzakirələr dəfələrlə İran mətbuatında yayınlanıb və bələdiyyə başçısına qarşı ciddi iradlar bildirilib.



Bundan bir müddət öncə də, Urmu bələdiyyəsində bir neçə nəfər məsul şəxsin həbs olunduğu barədə xəbərlər yayılmışdır. Mühacirlər və fars miliyyətçilərinin məmnunluğu ilə qarşılanan həbs xəbərləri rəsmi orqanlar tərəfindən korrupsiya ilə əlaqələndirilsə də, Məhəmməd Həzrətpurun haqqında bu günə kimi hansısa korrupsiya faktının müzakirəsi qeydə alınmayıb.



Məhəmməd Həzrətpur 2019-cu ildə Urmu şəhərində geniş ərazilərin mühacir kürdlərə verilməsinin qarşısının alınması işində əsas rol oynadığına görə də,mühacirlər tərəfindən çoxlu tənqid və təhqirlərə məruz qalmışdı.



Xatırladaq ki, son həftə içində Təbriz və Marağa şəhərlərində də bir neçə məsul bələdiyyə işçisi həbs olunub. İki gün öncə isə Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və İncəsənət Təşkilatının keçmiş rəhbəri Mürtəza Abdar təhlükəsizlik və kəşfiyyat məmurları tərəfindən saxlanılıb.


Ümumiyyətlə son iki ay ərzində Təbriz, Urmu, Marağa, Azərşəhr, Tikantəpə bələdiyyələrində çox sayda məsul və sıravı işçillər həbs edilib.



Aşağıdakı filmdə, 2019-cu ilin avqust ayında, Urmu şəhərinin bələdiyyə binasında M.Həzrətpurunbaşçılığı ilə keçirilən toplantıda Şəhər Şurasının üzvü mühacir kürd Hatəmi ilə onun arasında baş verən mübahisəs əks olunub.



Məhəmməd Həzrətpurun türkcə danışmasına etiraz edən Hatəmi onu farsca danışmağa çağırır. M.Həzrətpur isə cavabında “düşüncələrimi fars dilində yaxşı ifadə edə bilmirəm, Azərbaycan dilində danışmaq mənim üçün daha rahatdır” cavabını verir.



Bələdiyyə başçısının bu cavabı toplantı iştirakçılarının alqışları ilə qarşılanır.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed