Şrift:
Paşinyan Minsk Qrupunu niyə yenə gündəmə gətirdi? - “Rusiyaya da qıcıq verdi” - Partiya sədri
12.01.2021 [16:37] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistan Baş nazirinin müharibədən sonra ilk rəsmi görüşündə də qalib tərəf rəsmi Bakı oldu.

Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat üçün bəyanatından da göründüyü kimi, o, hələ də fəaliyyətsiz qurumlardan mədət umur. Paşinyan bəyanatında Azərbaycanla Ermənistan arasında həlli gözlənilən məsələlərin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə həllini gündəmə gətirdi.

O Minsk Qrupu ki, 30 il müddətində Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar prosesində vasitəçi kimi üzərinə düşən öhtəliklərini yerinə yetirə bilmədi, həll istiqamətində heç bir irəliləyişə nail olmadı. Elə Minsk Qrupunun fəaliyyətsizliyinin nəticəsi idi ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etdi. Yəni Minsk Qrupunun 30 ildə edə bilmədiyini Azərbaycan ordusu 44 günə həyata keçirdi və işğal faktına son qoydu.

Təbii ki, Minsk Qrupunun “fəaliyyəti” Ermənistanın maraqları baxımından uğurlu idi. Çünki Ermənistan bu qurumun dəstəyi ilə işğal faktını sürdürə, status-kvonu saxlaya bilirdi. Amma Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsi status-kvonu darmadağın etdi və bununla da Minsk Qrupunun bölgədə fəaliyyətini şərtləndirəcək heç bir xüsus qalmadı.

Ermənistan isə məğlub tərəf olaraq hələ də özünə ATƏT-in Minsk Qrupu timsalında dəstəkçi axtarır. Nəzərə alsaq ki, bu qurumda ermənipərəst Fransa da həmsədr ölkədir, Ermənistanın onun fəaliyyətinin bərpasında niyə bu qədər maraqlı olduğunu başa düşmək çətin deyil.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib ki, Ermənistan mövcud vəziyyətdən narazıdır və indiki status- kvo onu qane etmir:

“Amma artıq məsələ həll olunub və Azərbaycan öz torpaqlarını azad edib. Biz istəklərimizin 90 faizinə nail olmuşuq. Sadəcə, Azərbaycan ərazisinin erməni əsilli vətəndaşlar yaşayan hissəsində bəzi məsələlər var ki, həll olunmalıdır. Təbii ki, Qarabağın istər dağlıq, istər aran hissəsində tək söz sahibi və məsələləri həll edəcək dövlət Azərbaycandır. Bunu hər kəs qəbul edib və tədricədən məsələlər bitmək üzrədir. Azərbaycan Prezidenti “Münaqişə bitdi” deməklə dolayısı yolla “ATƏT-in Minsk Qrupu da bitdi” dedi. Bu qurum 30 ildə Azərbaycana heç bir xeyir verməyib. Yaranmış yeni 2+2 formatı ilə məsələ həll olundu. Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan formatı məsələləri həll edir.

Son zaman Ermənistan bu məsələlərdə çıxdaş edildiyindən, bunu üçlü format adlandırmaq olar. Türkiyə, Rusiya və Azərbaycan məsələləri həll edir. Yaranmış vəziyyət təbii ki, Ermənistanı qane etmir. Buna görə də əvvəlki vəziyyətə qayıtmağı gündəmə gətirir ki, bu da ağılsız hərəkətdir. Xatırlayırsızsa, belə bir fikir səsləndirilirdi ki, vəziyyət 27 sentyabrdan əvvəlki duruma qaytarılmalıdır. Bu isə o deməkdir ki, torpaqlar Ermənistana geri qaytarılır və savaş yenidən başlayır. Amma Ermənistan mövcud vəziyyəti dəyişə bilməz. Minsk Qrupu bütün zamanlarda özünü maneə kimi göstərib. Azərbaycan tərəfi məsələləri çox ağıllı şəkildə mərəhlə-mərhələ həll edib”.

Partiya sədri hesab edir ki, Ermənistanın bu çağırışı Rusiyaya da qıcıq verdi:

“Dolayısı ilə Paşinyana Fransa tərəfindən sifariş o idi ki, bu məsələdə Türkiyəni oyundan çıxarmaq və yenidən Minsk Qrupu formatında məsələyə baxmaq lazımdır. Düşünürəm ki, artıq bəyanatdakı 9-cu bənd müzakirə olundu, müddəalar həyata keçməyə başladıqca, Ermənistan tərəfindən bu cür aqressiya, daha çox daxili auditoriyaya hesablanmış səs-küy olacaq. Məsələn, “Dağlıq Qarabağın status məsələsinə baxılsın”, “münaqişə bitməyib” deyə səs-küy salacaqlar. Paşinyan qayıdanda ona qarşı təpkilərin olacağını bilir. Amma bu zahiri bəyanatlarla bərabər ortaya qoyulan sənədlərə imza atması onu göstərir ki, reallıqla razılaşmaqdan başqa çıxış yolu yoxdur. Hesab edirəm ki, proses normal gedir və Ermənistanın bu gedişləri də nəticəsiz qalacaq”.

Vilayət Muxtar
Cebhe.info
Bu xəbər oxucular tərəfindən 509 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed