Şrift:
“Məqsədimiz suveren hüquqlarımızın tam təmin edilməsi olmalıdır”
12.01.2021 [19:51] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Rusiya sülhməramlıları qarşısında bir sıra şərtlərin qoyulması vacibdir”


Müharibədən sonra Rusiya sülhməramlılarının himayəsi altında 48 min erməninin Qarabağda yerləşdirilməsi ölkəmizdə narahatlıq doğuran əsas məsələlərdən biridir.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən sabiq millət vəkili Fərəc Quliyev, narahatlıq doğuran məqamlara diqqət çəkməklə yanaşı, atılması gərəkən addımlara da toxunub:

“Azərbaycan hər zaman imzaladığı anlaşmaları yerinə yetirməyə xüsusi diqqət yetirib. Lakin bu gün elə məsələlər var ki, bunlar cəmiyyətdə narahatlıq doğurur. Ölkə başçısının özü də Moskva görüşündən iki gün öncə sülhməramlılar və s. ilə bağlı bəzi məqamlara toxunmuşdu.

Qarabağda Azərbaycanın maraqlarına zidd olan hər hansı bir şeyi malalamaq olmaz. Bu məqamları ictimaiyyiləşdirmək lazımdır. Etiraf etməliyik ki, Ermənistandan Qarabağa gətirilən ermənilərə hər hansı nəzarət yoxdur. Rusiya sülhməramlıları Laçın dəhlizi vasitəsi ilə Qarabağa gətirilən ermənilər üzərində ciddi nəzarət həyata keçirmir. Bu ermənilər 1988-ci ilə qədər həqiqətənmi Qarabağda yaşayıb, onların Qarabağa aidiyyatı varmı, onların arasında sonradan Ermənistan və ya dünyanın digər yerlərindən bu bölgəyə köçürülənlər mövcuddurmu – bu və bu kimi məqamlar bəlli deyil. Ona görə də orada mütləq Azərbaycanın gömrüyü, sərhədçiləri və polisi olmalıdır. Onlar orada Türkiyə sülhməramlıları ilə birlikdə dayanmalıdırlar.

Azərbaycan bəyan etməlidir ki, buraya digər ermənilərin yerləşdirilməsinə imkan verilməyəcək. Azərbaycan bəyan etməlidir ki, sülhməramlılar humanitar yardım adı altında infrastrukturun qurulmasında, bəyannamədə əksini tapmayan digər fəaliyyətlərin icrasında iştirak edə bilməzlər. Biz dəfələrlə Ermənistandan gəlib Qarabağda terror və təxribat törətmək istəyən terrorçuları həbs etmişik. Bunlar müəyyən mətləblərdən xəbər verir. Baş verənlər onu göstərir ki, müəyyən qüvvələr ölmüş DQR-in bəzi qurumlarını dirçəlməyə çalışır. Bu isə gələcəkdə yeni gərginlik və qarşıdurmalara yol aça bilər. Bütün bunların qarşısını almaq üçün biz həm həmin ərazilərdə anti-terror əməliyyatları aparmalı, Qarabağa daxil olan erməniləri yoxlamalı, onların üzərində nəzarət həyata keçirməliyik. Azərbaycanlıların bölgəyə qayıdışının təmin edilməsi ilə bağlı da sülhməramlılar qarşısında şərt qoyulmalıdır. Məqsədimiz suveren hüquqlarımızı tam təmin etmək olmalıdır. Azərbaycanın müstəqillik aktının 13-cü maddəsində də qeyd olunur ki, Azərbaycanın müstəqilliyi və suverenliyi şəksizdir və Azərbaycanın bütün ərazilərinə şamil olunur”.

Seymur ƏLİYEV
Bu xəbər oxucular tərəfindən 120 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed