Şrift:
Tarixi Təbriz bazarında iki yanğın baş verib
13.01.2021 [11:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yanvar ayının 12-i, günortadan sonra bazarda rəsm əsərləri mağazasında baş verən yanğın nəticəsində 26 yaşlı gənc qadın xəsarət alıb.



İkinci yanğın axşam saat 20:18 dəqiqədə “Rasta bazar”da baş verib. Parça mağazasında vaşlayan yanğın ətraf mağazalara da ziyan vurub.



Xilasetmə qrupunun rəisi Əkbər Dəşti verdiyi açıqlamada insan itgisinin olmadığını, bir neçə mağazaya ziyan dəydiyini bildirib.



Dəfələrlə tarixi bazarın qorunması üçün təhlükəsizlik və istilik sistemlərinin quraşdırılmasının vacibliyi haqda məsələ qaldırılıb. Bu məsələ hətta Təbriz nümayəndələri tərəfindən İran Parlamentində müzakirəyə çıxarılıb. Ancaq bütün bunlara baxmayaraq bu günə kimi heç bir nəticə əldə edilməyib.



Maraqlıdır ki, İsfahanın tarixi bazarında mərkəzi istilik sistemi və standart təhlükəsizlik cihazları quraşdırıldığı, bunun üçün kifayət qədər yüksək məbləğ ayrıldığı halda, bu sistemin Təbriz bazarında quraşdırılması tilisimə düşüb.



Təbrizin Tarixi Bazarı dünyanın ən böyük qapalı bazarı və Təbrizin ən gözəl memarlıq əsərlərindən biridir. Bu bazar 27 hektar ərazidə tikilib və sıralarının uzunluğu beş kilometrdən çoxdur.

Təbriz Bazarı Kompleksi 1975-ci ildə İranın milli abidələrindən biri kimi qeydiyyata alınıb. 2010-cu ildə bu kompleks UNESCO-nun Dünya İrsi siyahısına salınıb.

Təxminən 5500 mağaza və hücrə ilə birlikdə 40 növ iş yerinin olduğu Təbriz bazarı, təbrizlilərin əsas ticarət mərkəzi və İranın ən əhəmiyyətli antropoloji kontekstlərindən biridir. Buna baxmayaraq, kanalizasiya, elektrik, telekommunikasiya və istilik sistemləri kimi infrastruktur obyektlərinin zəifliyi Təbriz bazarının əsas problemləridir.

Ayrıca, UNESCO tərəfindən qoyulan məhdudiyyətlər səbəbindən bu bazarda şəhər qazından istifadə edilmir. Hər il, soyuq fəslin başlaması ilə mağaza yiyələri istər-istəməz dükanlarını standart olmayan istilik cihazlarından istifadə etməklə qızdırırlar. Bu isə yanğınların baş verməsinə səbəb olur.

2009-cu oktyabr ayında Təbriz bazarında yanğın baş verdi. Hadisə zamanı bazarın geyim və kosmetika satan tarixi "İKİ Qapılar" bölməsi yanğından zərər gördü. 10 il sonra, 20019-cu ilin may ayında bu bazarda yenidən yanğın baş verdi. Yanğın nəticəsində 100 mağaza yandı.

Təbrizin tarixi bazarında baş verən hər yanğından sonra İran Məclisinin üzvləri və Şərqi Azərbaycan əyalətinin rəsmiləri Təbriz bazarında infrastruktur, yeni təhlükəsizlik və istilik sistemləri quracaqlarını vəd edilər. Ancaq bir müddət sonra vədlər unudulur və bu dəyərli tarixi abidə taleyin umuduna buraxılır.

Əyalətin Mədəni İrs Baş İdarəsinin Təbriz bazarını qorumaq planları maliyyə yoxluğu səbəbindən illərdir yarımçıq qalmışdır.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed