Şrift:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edilib
15.01.2021 [11:34] - Gündəm, Sosial
Vətən müharibəsində yaralanmış daha bir qazimizin - Məmməd Əkbərovun ailəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial tərəfdaşın dəstəyi ilə mənzillə təmin ediləcəyini xəbər vermişdik.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, qısa müddətdə sosial tərəfdaşın dəstəyi ilə ailə üçün Bakının Xətai rayonunda çoxmərtəbəli yeni yaşayış kompleksindən ikiotaqlı mənzil alınıb və müvafiq sənədləşdirmə, ailənin yeni evinə köçməsi üçün bütün prosedurlar başa çatdırılıb.

Yanvarın 15-də isə nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Məmməd Əkbərovun ailəsinə yeni mənzilin açarlarını təqdim edib. Ailə artıq yeni evinə köçə bilər.

V.Behbudov qazimizi və ailəsini bu münasibətlə təbrik edib. O, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək işlərinin aparıldığını bildirib. Məmmədin və qardaşının məşğulluğuna dəstək üçün istəkləri əsasında onların ödənişli ictimai işlərə cəlb olunduğunu da qeyd edib.

Vətən müharibəsinin ilk günlərindən silaha sarılaraq Cəbrayıl və Qubadlının azad edilməsi uğrunda döyüşlərdə iştirak edən M.Əkbərov hərbi əməliyyatların birində xəsarət almasına baxmayaraq, yenidən cəbhəyə qayıdıb. Oktyabrın 21-də Qubadlı uğrunda döyüşdə növbəti dəfə yaralanıb. Müalicəsini evdə davam edən Məmməd əlilliyə görə təqaüd alan atası, orta məktəbdə çalışan anası, qardaşı və məktəbli bacısı ilə birgə yaşayır.

Xatırladaq ki, ötən ay V.Behbudov və nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli ailə ilə görüşmüşdü. Ailənin məişət durumu, ailə tərkibi nəzərə alınaraq nazirlik tərəfindən sosial tərəfdaşın dəstəyi ilə onların mənzillə təmin edilməsi qərara alınmışdı.
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed