Şrift:
Masallıda şəhid Əlvan Bağırovun xatirəsi anılıb
21.01.2021 [11:02] - Gündəm, Sosial
Yanvarın 20-də Masallı rayonunun Ərkivan qəsəbəsində Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Əlvan Bağırovun xatirəsi ehtiramla yad edilib.

28 il öncə, Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Əlvan Bağırovun xatirəsini yad etmək üçün onun yaxınları, qəsəbə sakinləri və müharibə iştirakçıları koronavirus infeksiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan karantin qaydalarına əməl etməklə məzarını ziyarət ediblər.

Şəhidin məzarı önünə toplaşanlar onu xoş sözlərlə xatırlayıblar.

Qeyd olunub ki, Əlvan Ramazan oğlu Bağırov 1973-cü il sentyabrın 4-də Masallı rayonunun Ərkivan kəndində anadan olub. Orta təhsilini Həsənəküçə kənd və C.Cabbarlı adına tam orta məktəblərində alıb.

Orta təhsilini başa vuran Əlvan 1992-ci il mayın 4-də Masallı Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Xidməti dövründə özünə xas mərdliyi və cəsarəti ilə fərqlənib, xoş xasiyyəti və davranışı ilə silahdaşlarının hörmətini qazanıb.

1992-ci ilin sentyabrından Ağdamda, Yeddi Xırman deyilən yüksəklikdə yerləşən postlarda gecə-gündüz, ayıq-sayıq xidmət aparıb. Cəbhəboyu şiddətli döyüşlərdə mütəmadi olaraq iştirak edib. Silahdaşlarının sözlərinə görə, bu istiqanlı və qorxmaz igid ən ağır vuruş günlərdə belə yoldaşlarından bir an da ayrı qalmayıb.

Döyüşlər zamanı yaralanması və 25 günlük müalicədən sonra yenidən ön cəbhəyə qayıtması məhz Əlvanın əsl vətənpərvər döyüşçü olmasını təsdiqləyir.

İgid döyüşçü 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Yanvarın 19-da Fərrux yüksəkliyi uğrunda gedən əməliyyat sıravi Ə.Bağırovun son döyüşü olub. O, anadan olduğu Ərkivan qəsəbəsində, Həsənəküçə qəbiristanlığında torpağa tapşırılıb.

Ərkivan qəsəbə 4 nömrəli tam orta məktəb hazırda Daxili Qoşunların şəhid hərbi qulluqçusu Əlvan Bağırovun adını daşıyır.

Anım tədbirində şəhidin məzarı önünə gül dəstələri və əklillər qoyulub, ruhuna dualar oxunub.
Bu xəbər oxucular tərəfindən 276 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed