Şrift:
Fikrət Əmirovun “Min bir gecə” baleti dörd gün ərzində Mariinski Teatrında uğurla nümayiş olunub
21.01.2021 [11:20] - Xəbərlər, Mədəniyyət
Sankt-Peterburqda dünya şöhrətli Mariinski Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baleti dörd gün ərzində uğurla nümayiş olunub.Tamaşalar Mariinski Teatrının Primorski filialının Sankt-Peterburqa qastrol səfəri proqramı çərçivəsində təqdim edilib. Proqramında P.Çaykovskinin “Yatmış gözəl”, A.Adanın “Korsar” baletləri ilə bərabər Fikrət Əmirovun “1001 gecə” əsəri də əsas yer tutub.

Mariinski Teatrının Primorski səhnəsinin baş baletmeysteri Eldar Əliyevin quruluş verdiyi “1001 gecə” baleti Sankt-Peterburqda son zamanlarda baş verən ən əlamətdar mədəni hadisələrdən birinə çevrilib. Bütün dörd tamaşaya biletlər daha öncədən satılıb və yerli ictimaiyyətin böyük marağına səbəb olub.

Tamaşaları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, respublikanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Əyyub Quliyev idarə edib. Tamaşanın dekorasiyaları və kostyumları Peter Okunev tərəfindən hazırlanıb, işıq üzrə rəssam Sergey Martınov, video tərtibat Vadim Dulenko, əsas rolları isə Anna Samostrelova, Renata Şakirova (Şəhrizad), Sergey Umanets, Kanat Nadırbek (Şəhriyar), Denis Qolov, Gilermo Junio və digərləri ifa ediblər. Əsərdə tar partiyasını Azərbaycan Dövlət Opera Teatrının solisti Ramin Əzimov və Nadejda Medvedeva səsləndiriblər. Tamaşaların ən əlamətdar hadisələrindən biri Mariinski Teatrının direktoru və baş dirijoru, dünya şöhrətli maestro Valery Gergiyevin Fikrət Əmirovun baletini izləmək üçün xüsusi olaraq şəxsi cədvəlinin dəyişməsi olub. Tamaşanı izlədikdən sonra maestro Valery Gergiyev Azərbaycanlı dirijor Əyyub Quliyev, baletmeyster Eldar Əliyev və bütün iştirakçı heyəti təbrik edərək Fikrət Əmirovun baletini Mariinski Teatrın tarixində əlamətdar və unudulmaz bir hadisə kimi dəyərləndirib.

Tamaşanı izləyən qonaqlar sırasında Rusiyanın Primorski bölgəsinin qubernatoru Oleq Kojemyako da olub.
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed