Şrift:
Əli Məsimli: Anlaşma Memorandumu yeni reallıqlar kontekstində böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək
22.01.2021 [12:58] - Xəbərlər, Siyasət
Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması qlobal kontekstdə çox mühüm əhəmiyyət kəsb edir. Memoranduma 2020-ci ildə Azərbaycanın yaratdığı iki mühüm yeni reallıq kontekstindən yanaşsaq, bilavasitə bu sənədin özünün, eləcə də onun reallaşdırılmasının multiplikativ effektinin həm iki ölkə arasındakı münasibətlər, həm regional, həm də qlobal nüanslar baxımından əhəmiyyətinə daha çox işıq düşmüş olar. Belə ki, dünya üçün çox ağır və mürəkkəb keçən 2020-ci il Azərbaycan üçün də ağır olsa da, ötən il həm də iki cəhətdən çox əlamətdar oldu.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli bildirib.

Ə.Məsimli fikirlərini belə izah edib: “Birincisi, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Qələbəsi 30 illik işğala son qoydu. Amma bu, təkcə Azərbaycan miqyaslı hadisə deyil. 44 günlük Qarabağ müharibəsi və qazandığımız böyük Qələbə həm də regionda yeni reallıq yaradıb. Bu müharibədən sonra təkcə Cənubi Qafqazda deyil, keçmiş SSRİ-nin bütün məkanında keyfiyyətcə yeni bir geosiyasi və iqtisadi gerçəkliyin formalaşmasının şahidi oluruq. Həmin yeni reallıq, heç şübhəsiz, regional və qlobal proseslərə öz təsirini göstərəcək və Azərbaycanı daha da gücləndirəcək. Güclənmiş və imkanları artmış Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə əksər ölkələrin, üususən də region ölkələrinin marağı da artır”.

Deputatın sözlərinə görə, Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verdikdən sonra Türkmənistan tranzit ölkəyə çevrilib və bu, ona böyük fayda verir. Mehri dəhlizi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru yolunun işə düşməsi ilə şübhəsiz ki, ölkəmizdən Naxçıvana, oradan isə Türkiyəyə çıxış, əks-istiqamətdə isə Türkiyədən Cənubi Qafqaz, Orta Asiyadan keçməklə Çin Xalq Respublikasınadək nəhəng türk zolağı uzanacaq. Strateji əhəmiyyətə malik olan bu layihənin reallaşdırılması region ölkələri kimi Azərbaycan və Türkiyə ilə yanaşı, Türkmənistana da müəyyən şanslar və üstünlüklər verəcək. Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq bizim regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq.

Əli Məsimli ikinci məsələ kimi 2020-ci ilin sonlarında Azərbaycan qazının ilk dəfə Avropaya çıxmasını qeyd edib. Bildirib ki, Azərbaycanın kommersiya qazının Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya tədarükünün başlanması ilə Cənub Qaz Dəhlizinin strateji məqsədinə nail olunub. Cənub Qaz Dəhlizinin əsas resurs mənbəyi olan “Şahdəniz” yatağından hasil edilmiş təbii qazın Türkiyə bazarına 2018-ci ilin iyunun 30-dan TANAP-la nəqlinin ardınca, ötən ilin sonlarında ilk dəfə Avropa bazarına daxil olması Azərbaycanın qaz ölkəsi kimi inkişafında yeni səhifə açır. Enerji təhlükəsizliyi layihələri Azərbaycanın liderliyi ilə qətiyyətlə həyata keçirilir. Avropaya təbii qazın nəqli tədarük bazarlarını şaxələndirməklə istehsalçı kimi ölkəmizin, mənbə və marşrutları diversifikasiya etməklə isə istehlakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək, böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək. Avropanın cənubunun yeni mənbədən qazla təchiz edilməsi istehlakçıların daha münasib şərtlərlə enerji ilə təminatına töhfə verməklə yanaşı, həm də Avropanın Xəzər regionu ilə birləşdirilməsinə də xidmət edir. Azərbaycanın iştirakı və təşəbbüsü ilə genişmiqyaslı nəqliyyat və enerji layihələrinin istismarı, həyata keçirilməsi bölgənin cəlbediciliyini artırır, onu nəqliyyat mərkəzinə çevirərək Avropa ilə Asiya arasında körpü yaratmaqla Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir. Türkmənistan da öz enerji resurslarını Avropa bazarlarına çıxarmaqda maraqlı görünür. Türkmənistan 2017-ci ildə Cənub Qaz Dəhlizi Məşvərət Şurasına qoşulub. Türkmənistan öz qazının bu dəhliz vasitəsilə Avropa bazarlarına çıxarılmasını istəyir.

Deputat qeyd edib ki, ilk olaraq, Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində uzun illər müzakirə mövzusu olmuş, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı, təqribən 35 milyard dollar dəyərində qiymətləndirilən yatağın “Dostluq” yatağı adlandırılaraq onun karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması, hər şeydən əvvəl, xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Ona görə də “Dostluq” yatağı haqqında sənəd, Azərbaycan Prezidentinin sözləri ilə desək, “tarixi sənəddir”. Çünki Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək.

“İkincisi, memorandumun imzalanması Xəzərdə Türkmənistan ilə Azərbaycanın energetika sahəsində əməkdaşlığında prinsipcə yeni mərhələyə daşıyır. Bu, Azərbaycan və Türkmənistanın Xəzər dənizinin qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə töhfəsini artıracaq. Üçüncüsü, bu memorandum Xəzərdə maraqların toqquşmasından maraqların balanslaşdırılması və harmoniyasına keçidin əsası qoyulur. Möhkəm beynəlxalq hüquqi bazaya əsaslanan birgə iş üçün yeni imkanlar açılır. Dördüncüsü, memorandumun reallaşdırılması Azərbaycanla Türkmənistanın çox zəngin birgə potensialının üzə çıxarılmasına, ixrac imkanlarının genişlənməsinə və əlavə valyuta gəlirlərinin əldə edilməsinə təkan verəcək. Bundan başqa, memorandumun reallaşdırılması enerji sahəsində əməkdaşlığın möhkəmlənməsinə, bunun multiplikativ effekti isə digər sahələrdə də əməkdaşlığın və iqtisadi-ticari əlaqələrin genişlənməsinə kömək edəcək”, - deyə Əli Məsimli qeyd edib.

Deputat bildirib ki, memorandumun reallaşdırılmasının digər faydası Xəzərin iki enerji dövlətinin bu regionda geniş qarşılıqlı faydalı əməkdaşlağının yaxşı nümunə ola biləcəyidir. Bu isə Azərbaycan və Türkmənistanla yanaşı, regionun digər ölkələrinin də enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Həmçinin memorandumun həyata keçirilməsi beynəlxalq tərəfdaşlığın inkişafı üçün əlverişli şərait yaradılmasına xidmət edəcək. Bu layihənin reallaşdırılmasına iri xarici investisiyaların cəlb edilməsi üçün əlavə imkanlar və onun ardınca orta kapitalın gəlişinə stimullar yaranacaq. Yatağın istismarı, eyni zamanda, Xəzərin karbohidrogen ehtiyatlarından istifadə məsələlərində Azərbaycanla Türkmənistanın fikir ayrılığının aradan qalxması, enerji ehtiyatlarının Azərbaycan ərazisi vasitəsilə bazarlara çıxarılması və tranzit daşımaları sahələrində də iki ölkənin əməkdaşlığını yeni mərhələyə daşıyacaq”.

Əli Məsimli vurğulayıb ki, bu, habelə Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açmaqla, Azərbaycan və Türkmənistanın iqtisadi inkişaf göstəricilərinə müsbət dinamizm verəcək, artım templərinin sürətləndirilməsinə, yeni iş yerlərinin açılmasına və digər istiqamətlərə əlavə təkan olacaq.
Bu xəbər oxucular tərəfindən 246 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed