Şrift:
Qarabağın baş tacı, dağlar gözəli Şuşa
27.01.2021 [11:31] - Xəbərlər, Türk dünyası-Turan
Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın baş tacı, illərdir torpağına ayaq basacağımız günü arzu və xəyal etdiyimiz dağlar gözəli Şuşa şəhəri. Şuşa 28 illik uzun ayrılıqdan sonra yenidən öz sakinlərinə qovuşdu. Azərbaycanın qəhrəman oğulları yağı düşməni bu qədim diyarımızdan itiqovan kimi qovub çıxardı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi, biz Şuşanı, bu qədim yurdumuzu, mədəniyyət paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcəyik.

Bölgə müxbiri Şuşaya səfər edərək, 28 il ərzində baxımsız vəziyyətdə qalan bu yurdumuzun tarixi məkanlarına baş çəkib. Müxbirimizin Şuşa qeydlərini təqdim edirik.

Avtomobilimiz hər tərəfdən dağlar və meşələrlə əhatə olunmuş yolla irəliləyir. Ətrafımız ağ örpəyə bürünüb. Qış olmasına baxmayaraq, işğaldan azad edilmiş ərazilərimizdəki əsrarəngiz mənzərələr insanın ruhunu oxşayır. Qarabağın illərdir həsrət qaldığımız təbiət gözəlliklərini seyr edə-edə Şuşaya yaxınlaşırıq.

Daşaltı kəndində avtomobildən enirik. Daşaltı kəndi Şuşa şəhərindən 5 kilometr cənubda, Cıdır düzündən aşağıda, Yevlax-Xocalı-Laçın avtomobil yolunun kənarında, Daşaltı çayının sahilində yerləşir. Bu kənd nəhəng qayalığın altında yerləşdiyindən Daşaltı adlandırılıb. Qəhrəman əsgər və zabitlərimiz şanlı zəfərimizi həmin bu sıldırım qayalara yalın əllə dırmanaraq, əlbəyaxa döyüşdə düşməni darmadağın etməklə qazanıb. Daşaltı kəndinə, qayalıqlara və yuxarıda görünən Cıdır düzünə qürurla baxırıq.

Daşaltıdan ayrılıb Şuşaya yola düşürük. Yolun kənarında dalğalanan Azərbaycan və qardaş Türkiyənin dövlət bayraqlarını və "Şuşa" yazısını görmək hər birimizdə fərəh doğurur. Nəhayət, Qafqazın incisi Şuşaya çatırıq. Hamımız həyəcanlı və sevincliyik.

Cıdır düzündən açılan mənzərə

Şuşa şəhərində ilk getdiyimiz ünvan əvəzsiz və əsrarəngiz təbiətə malik Cıdır düzü oldu. Şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli yerlərindən biri olan Cıdır düzü şəhərin kənarında - Daşaltı dərəsinin yuxarı hissəsindədir. Qərb tərəfdə bir-birinin arxasınca üç təpə yerləşir. Bu təpələrə “Üçmıx” adı verilib. Cıdır düzündən bir qədər aşağıda “qırx pilləkən” deyilən dik pilləli yol Daşaltı çayına aparır. Tarixən cıdır yarışları keçirildiyi üçün bura Cıdır düzü adlandırılıb. Ta qədimdən şuşalılar Cıdır düzündə Novruz bayramları təşkil ediblər. 1989-cu ildə "Xarı Bülbül" Beynəlxalq musiqi festivalı da Cıdır düzündə keçirilib. Cıdır düzündən açılan mənzərə insanı valeh edir. Aşağıda Şuşa, uzaqda isə Xankəndi şəhəri görünür.

Erməni vandalizminə məruz qalan Molla Pənah Vaqifin
muzey-məqbərə kompleksi
XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi də Cıdır düzünə yaxın ərazidədir. Şairin məzarı üstündə inşa edilən məqbərənin açılışı 1982-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə olub. O vaxt məqbərədə Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid səksənə yaxın eksponat sərgilənirdi. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edildi, daşınması mümkün olan eksponatlar isə Ermənistana aparıldı.

Ermənilər Şuşada tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər

Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Şuşada 549 qədim yaşayış binası, 17 məhəllə, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə və sair olub. Şuşada ən çox görmək istədiyim yerlər isə qədim məhəllələr idi. Şuşanın qədim məhəllələrinin doqquzu aşağı məhəllə, qalan səkkizi isə yuxarı məhəllələr sayılırdı. Hər məhəllədə hamam, məscid və bulaq var idi. Ermənilər işğal etdikləri digər rayon və şəhərlərdə olduğu kimi, Şuşada da tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər. Şəhərdəki mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər talan edilib, dağıdılıb və ya erməniləşdirilib.

Yuxarı məhəllələrdən biri ilə - Mamay məhəlləsi ilə gəzirəm. Mamay məhəlləsi Şuşanın mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. Digər qədim məhəllələrdə olduğu kimi Mamay məhəlləsindəki tarixi-memarlıq nümunəsi olan tikililər də erməni vandalizminə məruz qalıb. Şuşada tarixi keçmişimizi silməyə çalışan ermənilər XIX əsrin yadigarı olan məscidi dağıdıblar.

Mamay məhəlləsindəki bulaq da erməni vandalizminə məruz qalan tikililərdəndir. Vaxtilə bulağın yuxarı hissəsində kitabə olub. Kitabədə bulağın hicri tarixi ilə 1318-ci ildə, yəni miladi təqvimi ilə 1900-cu ildə Səməd ağa Cavanşir tərəfindən tikildiyi yazılıb. Erməni işğalçıları Şuşa şəhərindəki bir çox abidələr kimi Mamay bulağını da erməniləşdirməyə çalışıblar. Belə ki, bulağın üzərindəki yazılar silinib, yerinə xaç işarəsi həkk olunub. Bundan başqa, ermənilər saxtakarlıq edərək, bulağın daşlarının üzərinə erməni və rus dilində yazılmış lövhə də yapşıdırıblar.

Yuxarı Gövhər ağa məscidi

Ermənilər işğal dövründə Şuşa şəhərində qanunsuz məskunlaşma həyata keçirmişdilər. Lakin şəhərin qədim hissələri illər ərzində baxımsız qalıb, tarixi tikililər, o cümlədən memarlıq abidələri dağıdılıb. Gəzə-gəzə şəhərdəki tarixi-dini mədəniyyət abidələrindən birinin - Yuxarı Gövhər ağa məscidinin qarşısına çatıram. Bu, şəhərin mərkəzi meydanında tikilmiş ən qədim məsciddir. Yuxarı Gövhər ağa məscidi ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

Məscidin inşası dörd mərhələdə həyata keçirilib. İlk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel, təxminən 1750-ci ildə inşa edilib. Bu, xanlığın mərkəzinin Şahbulaq qalasından Şuşaya köçürülməsi ilə bağlı olub. İkinci məscid İbrahimxəlil xanın dövründə qamış məscidin yerində daşdan tikilib (1768-1769). XIX əsrin birinci yarısında Gövhər ağanın maddi köməyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid, 1883-cü ildə isə üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu məscidi inşa edilib. Dördüncü məscidin müəllifi məşhur Kərbalayi Səfixan Qarabağidir. Məscidin minarələrinin dekoru və otaqların divar rəsmləri Mir Möhsün Nəvvab tərəfindən işlənib. Dördüncü məscid kompozisiya-planlaşdırma və memarlıq bədii xüsusiyyətlərinə görə sələfindən (3-cü məsciddən) fərqlənir. Tikilinin eyvanının tağları üzərində Quran ayələri yazılmış dekorativ lent uzanır. Yuxarı Gövhər ağa məscidinin dam örtüyünün orta hissəsində iki günbəz fərqlənir. Məscidə gözəllik verən fərqlərdən biri də kərpiclə hörülmüş minarələrin səthinin qabarıq lentlərlə üç hissəyə bölünməsi və rəngli daşlarla bəzədilməsidir.

İşğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus mədəni, tarixi və dini irsi məhv edən Ermənistan Yuxarı Gövhər ağa məscidində "təmir-bərpa" işləri apararaq xalqımızın bu memarlıq incisinin arxitekturasını dəyişməyə, məscidi “fars məscidi” kimi qələmə verməyə çalışıb. Bu, bir daha Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus mədəni irsin oğurlanması, izinin itirilməsi və silinməsi ilə məşğul olduğunu göstərir.

Erməni vəhşiliyi Xurşidbanu Natəvanın sarayından da yan keçməyib

Daha sonra keçmiş Şuşa Rayon Partiya Komitəsinin binasının qarşısına gəlirik. 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri Şuşaya gətirilərək öz əvvəlki yerinə qoyulub. Arxada Azərbaycanın görkəmli şairəsi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvana məxsus XVIII əsrə aid ikimərtəbəli ev dağılmış halda görsənir. Tarix-memarlıq abidəsi kərpic və çaydaşlarından inşa edilib. 1930-cu illərin əvvəllərində Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi bu binada fəaliyyətə başlayıb. 1984-cü ildən məktəb Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbi adlandırılıb. 1987-ci ildə binada əsaslı təmir və bərpa işləri aparıldıqdan sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialı burada fəaliyyətə başlayıb. 1992-ci ilin may ayının 8-də Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq qəsb edilib.

Əziz Şuşa, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!

Vaxt az olduğundan Şuşanın hər tərəfini gəzə bilmirik. Son olaraq Azərbaycan memarlığının ən gözəl incilərindən olan Şuşa qalasının qarşısına gedirik. Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. Arran memarlıq məktəbi üslubunda inşa edilən qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə edilib. Qalanın üç əsas qapısı olub: Gəncə, İrəvan və Ağoğlan qapıları. Qalanın Gəncə (və ya Giləbörd) qapısı yolu Gəncə şəhəri və Qarabağ xanlığının Giləbörd mahalını birləşdirirdi. Qalanın İrəvan qapısı (və ya Xəlfəli) qərbdə yerləşirdi. Bu qapıdan çıxan yol Şuşa şəhərini Xəlfəli kəndi və İrəvan şəhəri ilə birləşdirirdi. Qalanın Ağoğlan qapısı (və ya Şuşakənd) şərq tərəfdə yerləşirdi və şəhərin aşağı hissəsinə girişi təmin edirdi. Bu qapıdan çıxan yol Şuşa şəhərini Şuşakənd və Muxtar kəndləri ilə birləşdirirdi.

Ötən ilin noyabrın 8-də Azərbaycan Ordusunun böyük şücaət göstərərək işğaldan azad etdiyi qala divarlarına fərəh və qürur hissi ilə baxıb düşünürəm. Qayıdışın mübarək, gözəl Şuşa! Tezliklə yenidən çiçəklənən dövrün başlanacaq. Prezident, Ali Baş Komandan İlham Əliyev dediyi kimi, “əziz Şuşa, sən bizimsən, sən azadsan, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!”.
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed