Şrift:
Qazaxıstana pomidor ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar görüş keçirilib
27.01.2021 [11:39] - Gündəm, Sosial
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Sənaye Kompleksinin Dövlət Müfəttişliyi Komitəsinin sədri Almabek Mars arasında videokonfrans formatında görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin məsul şəxsləri, o cümlədən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov iştirak edib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Azərbaycandan Qazaxıstana pomidor ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlərə həsr olunan görüşdə AQTA sədri Qoşqar Təhməzli Qazaxıstanla yanaşı 2020-ci ildə dünyanın bir çox ölkəsinə ixrac olunan pomidor məhsulunda məhdudiyyətin tətbiq olunması üçün əsas gətirilən virusun aşkarlanmadığını diqqətə çatdırıb. O, yük partiyalarından götürülən nümunələrin agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunun, həmçinin Türkiyə Respublikasının paytaxtı Ankarada fəaliyyət göstərən və beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalarda təkrar müayinələrə cəlb olunduğunu və qeyd olunan virusun aşkarlanmadığını bildirib.

Görüşdə istixanalarda aparılan monitorinqlərin nəticələri və iddia olunan virusun aşkarlanmadığını əks etdirən sənədlərin Qazaxıstan tərəfinə göndərilməsi, həmçinin Azərbaycandan həmin ölkəyə idxal olunan pomidor məhsulu partiyaları üzərində əlavə nəzarət tədbirlərinin həyata keçirilməsi üçün birgə işçi qrupunun yaradılması ilə bağlı razılıq əldə olunub.

İki ölkə arasında bitki sağlamlığı sahəsində əməkdaşlığın hazırkı vəziyyətini yüksək qiymətləndirən Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Sənaye Kompleksinin Dövlət Müfəttişliyi Komitəsinin sədri Almabek Mars bu istiqamətdə birgə fəaliyyətin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib
Bu xəbər oxucular tərəfindən 275 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed