Şrift:
Müasir Azərbaycan nəsri Antologiyası Amerika-da nəşr olunub
23.11.2012 [12:28] - Gündəm, Mədəniyyət
Bu günlərdə Amerika Birləşmiş Ştatlarında “Müasir Azərbaycan nəsri” antologiyası (Modern Azerbaijanian Prose, Bloomington, Trafford publishing, 2012) ingilis dilində nəşr olunmuşdur.Xəbərə əsasən, Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı və Norveçdə yaşayan soydaşımız, əslən Azərbaycanın Güneyindən olan dr. İrəc İsmaelinin birgə nəşrə hazırladığı kitaba çağdaş Azərbaycan nəsrinin təxminən otuz ildən artıq bir dövrünü əhatə edən hekayə və povestlər daxil edilmişdir.

Qeyd edək ki, Azərbaycan nəsr antologiyası ilk dəfədir ki, ingilis dilində xaricdə nəşr olunur. Bundan öncə, ilk dəfə 1977-ci ildə Moskvanın “Proqress” nəşriyyatı Mirzə İbrahimovun redaktorluğu ilə Azərbaycanın nəsr antologiyasını çap etmiş, 2003-cü ildə isə professor Zeydulla Ağayevin tərcüməsi və tərtibatı ilə Bakıda nəsrimizin son örnəkləri ingilis dilində oxuculara təqdim edilmişdir.

Milli ədəbiyyatımızın təbliğində mühüm addım olan “Müasir Azərbaycan nəsri” antologiyasında İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Əzizə Cəfərzadə, İsa Muğanna, Çingiz Hüseynov, Anar, Əlisa Nicat, Rüstəm İbrahimbəyov, Elçin, Mövlud Süleymanlı, Saday Budaqlı, Orxan Fikrətoğlu, Əlabbas, Elçin Hüseynbəyli, İlqar Fəhmi, Məqsəd Nur və digər müəlliflərin yaradıcılıq örnəkləri yer almışdır. Hekayə və povestlər seçilərkən yazıların bədii səviyyəsinə, mövzu baxımından dünya oxucuları üçün maraqlı olmasına, həmçinin məzmun və forma rəngarəngliyinə çalışılmışdır.

Antologiyaya ön söz yazmış professor Vaqif Sultanlı tərtib olunan kitabla bağlı qənaətlərini ümumiləşdirərkən çağdaş Azərbaycan nəsrinin özünənməxsus bədii çalarlara malik olduğunu, mövzu, janr və üslub baxımından örijinal keyfiyyətlər qazandığını vurğulamışdır.
Bu xəbər oxucular tərəfindən 1212 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed