Şrift:
Moskvada Mirzə Fətəli Axundzadəyə abidə qoyulub.
24.11.2012 [13:13] - Mədəniyyət
M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti Mirzə Fətəli Axundzadənin abidəsinin açılış mərasimi olub. Layihə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi və M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanası ilə birlikdə həyata keçirilib.

Abidənin müəllifi gənc Azərbaycan heykəltəraşı, V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunun məzunu, Moskva Rəssamlar İttifaqının üzvü, məşhur heykəltəraş Aleksandr Rukavişnikovun şagirdi Zaur Rzayevdir.

Təntənəli mərasimi kitabxananın baş direktoru Yekaterina Geniyeva açıb. O, Moskvada M.F.Axundzadənin abidəsinin qoyulmasını iki xalqın mədəni həyatında əhəmiyyətli hadisə adlandırıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, bu gün iki ölkənin mədəniyyət və qarşılıqlı münasibətlər tarixində əlamətdar hadisədir, “belə ki, Rusiya ilə Azərbaycan arasında, xalqlarımız və mədəniyyətlərimiz arasında dostluğun təməlini qoymuş bir insanın abidəsi açılır”. O, razılıq hissi ilə deyib ki, qədirbilən nəsillər M.F.Axundzadə kimi görkəmli şəxsiyyətləri unutmurlar. Səfir dahi azərbaycanlının abidəsinin dünyanın mədəni paytaxtlarından birində ucaldılmasının əhəmiyyətini xüsusilə qeyd edib. Polad Bülbüloğlu Moskvada M.F.Axundzadənin abidəsinin qoyulması ideyasını dəstəkləmiş Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban Əliyevaya, habelə bu ideyanın həyata keçirilməsi üçün xeyli səy göstərmiş vitse-prezident Leyla Əliyevaya dərin minnətdarlığını bildirib. P.Bülbüloğlu təşəbbüsü dəstəklədiyinə görə kitabxananın rəhbərliyinə səmimi təşəkkürlərini çatdırıb.

Abidənin müəllifi Zaur Rzayev qeyd edib ki, dahi M.F.Axundzadənin obrazı üzərində işləyərkən onun məsləhətçisi, xalq rəssamı Tahir Salahov olub. Zaur Rzayev Heydər Əliyev Fonduna və onun vitse-prezidenti Leyla Əliyevaya, habelə Moskvada abidənin ucaldılmasına töhfəsini verənlərin hamısına təşəkkürünü bildirib.

Rusiyanın tanınmış şairi və Rusiya Federasiyası İctimai Palatasının üzvü Andrey Dementyev qeyd edib ki, M.F.Axundzadə Azərbaycanla Rusiya arasında, Azərbaycanla dünya arasında böyük körpüdür. O, öz yaradıcılığı ilə Rusiya-Azərbaycan mədəni əlaqələrini məhz iki xalqın mənafeyinə uyğun formatda təcəssüm etdirir, buna görə də qarşılıqlı mədəni mübadilədə böyük əlaqələndirici körpü rolunu oynayıb. “Azərbaycan öz görkəmli adamlarının, yazıçılarının, mədəniyyət və elm xadimlərinin xatirəsini son dərəcə əziz tutur və bu, çox yaxşıdır”, - o deyib.

Sonra tədbir kitabxananın Dəyirmi salonunda M.F.Axundzadənin “İnsan zəkası - ilahi ərməğan...” adlı seçilmiş əsərlərinin təqdimatı ilə davam edib. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, kitabın tərtibçiləri - tarix elmləri doktoru, kitabxananın Şərq Mədəniyyətləri Mərkəzinin direktoru İlya Zaytsev və AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Fərid Ələkbərli rus və Azərbaycan dillərində nəşr olunmuş seçilmiş əsərlər üzərində apardıqları işdən danışıblar. Qeyd edilib ki, ilk dəfə olaraq iki dildə hazırlanmış bu nadir nəşrin müqəddiməsini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yazıb. Çıxış edən alimlər və dilçilər M.F.Axundzadənin şəxsiyyət və yaradıcılığı barədə fikir mübadiləsi ediblər.

Sonda Moskva Dövlət Linqvistika Universitetinin tələbələri M.F.Axundzadənin “Şərq poeması”ndan parçalar səsləndiriblər.

Tədbirdə Moskvanın elmi və mədəni elitasının nümayəndələri iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 1121 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed