Şrift:
2013-cü ildən biometrik pasporta keçəcəyik
24.11.2012 [13:38] - Gündəm, Sosial
Azər Allahverənov: «Avropa Birliyi biometrik pasportlarla bağlı Azərbaycan da daxil olmaqla MDB ölkələri üçün keçid dövrü müəyyənləşdirə bilər»

«Vətəndaşlar əllərindəki istifadə müddəti bitməyən xarici pasportları dəyişdirib biometrik pasportlar almalıdır ki, gediş-gəlişləri maneəsiz ötüşsün»

Azərbaycan vətəndaşlarına biometrik pasportlar veriləcək. Həmin pasportların verilməsi Avropa İttifaqının Şengen zonasına səyahətlə bağlıdır. Belə ki, gələn ildən başlayaraq Avropa İttifaqına üzv olmayan kənar ölkələrdən sözügedən zonaya daxil olan insanlar yalnız biometrik pasportları olduğu təqdirdə həmin ərazilərə buraxılacaq. Qeyd edək ki, hazırda Azərbaycan vətəndaşları şəxsiyyəti təsdiq edən iki növ sənəddən istifadə edir. Bunlar şəxsiyyət vəsiqəsi və xarici pasportlardır. Hansı ki, 10 il müddətinə verilən xarici pasport vasitəsilə vətəndaş istənilən ölkəyə səyahət edə bilər. Amma görünür, gələn ildən başlayaraq Şengen zonasına hazırkı xarici pasportlarla da belə səyahət etmək müşkül məsələyə çevriləcək. Görəsən, biometrik pasportların hazırda istifadə olunan anoloji sənədlərlə müqayisədə nə kimi fərq və üstünlükləri var?
Digər tərəfdən, maraqlıdır, biometrik pasportların tətbiqindən sonra xarici pasport və şəxsiyyət vəsiqəsinin taleyi necə olacaq?
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, biometrik pasportların tətbiqinin şəxsiyyət vəsiqələrinə hər hansı bir aidiyyatı olmayacaq. Bu da həmin şəxsiyyət vəsiqəsinin yalnız ölkə daxilində istifadə olunması ilə bağlıdır. Amma xarici pasportlarla bağlı məsələ bir qədər fərqlidir: «Bilirik ki, şəxsiyyət vəsiqəsi ölkə daxilində istifadə edilməsi üçündür. Bu çox mühüm bir sənəddir. Xarici pasport isə xaricə getmək üçün nəzərdə tutulan ümummilli pasportdur. Xarici pasportlar buraxılış məntəqələrindən keçmək, orada müvafiq qeydlərin aparılması, vizaların verilməsi üçün nəzərdə tutulan bir sənəddir. Ölkəmizdə biometrik pasportları isə 2013-cü ildən verməyə başlayacaqlar. Bir çox, xüsusən də Şengen zonasına daxil olan dövlətlərdə yalnız biometrik pasportları olan kəslərə Şengen vizasının verilməsilə bağlı yeni qaydalar tətbiq edilir». Həmsöhbətimiz qeyd etdi ki, biometrik pasportların tətbiqilə Azərbaycanda müddətli xarici pasportlar əsasında Şengen vizasını almaq bir qədər müşkül məsələyə çevrilə bilər: «Amma burada iki çıxış yolu var. Ola bilsin Avropa Birliyi biometrik pasportlarla bağlı olaraq Azərbaycan da daxil olmaqla MDB məkanı ölkələri üçün keçid dövrü müəyyənləşdirsin. Ona əsasən biometrik pasportu olanlara Şengen vizasının məhz onun vasitəsilə, xarici pasportları olanlara isə hələlik bu köhnə sənəd vasitəsilə verilməsi nəzərdə tutula bilər. Bununla belə vətəndaşlar əllərindəki istifadə müddəti bitməyən xarici pasportları dəyişdirib biometrik pasportlar almalıdır ki, gediş-gəlişləri maneəsiz ötüşsün. Aydın məsələdir ki, biometrik pasportlara keçid şəraitində vətəndaşlar arasında praktik cəhətdən müəyyən narahatçılıq olacaq. Xarici pasportun istifadə müddəti bitməyən vətəndaş il ərzində bir neçə dəfə Şengen ölkələri ərazisinə daxil olursa, onun üçün həmin sənədin dəyişdirilərək biometrik pasport alınması daha önəmlidir. Bu proses müəyyən mənada vətəndaşın büdcəsinə də təsir edir. Amma rahatlığın təmin edilməsi baxımından biometrik pasportların əhəmiyyəti daha böyükdür. Ümumiyyətlə, artıq bütün dünya biometrik pasportlara keçir. Belə bir sənədin olması dövlətlərin ayrılmaz bir atributuna çevrilir. Azərbaycan vətəndaşına verilən şəxsiyyət vəsiqələrinə gəldikdə, eşitdiyimə görə bu sənədlər xüsusi çiplərlə buraxılmalıdır. Eyni zamanda, biometrik pasportların üzərində də xüsusi çiplər olacaq. Hətta belə bir fikir vurğulanır ki, biometrik pasportda çiplər olacaqsa, onda şəxsiyyət vəsiqəsi nəyə lazımdır. Bununla bağlı hələlik son qərar verilməyib. Müvafiq qurumlar şəxsiyyət vəsiqələrinin dövriyyədə saxlanılması və çiplərlə təchiz olunması məsələsilə bağlı yekun rəylərini söyləməlidir. Ümumiyyətlə, bu bir prosesdir ki, onun da növbəti mərhələsi həmin biometrik pasportların insanlara verilməsini nəzərdə tutur. Bundan sonra vəziyyətin necə olacağını, şəxsiyyət vəsiqələrinin taleyini nə gözləyəcəyini zaman göstərəcək».
Azər Allahverənov biometrik pasportların digər bu tip sənədlərlə müqayisədə bir çox üstünlüklərə malik olduğunu da diqqətə ççatdırdı: «Biometrik pasportlarda digər bu tip sənədlərdən fərqli olaraq şəxsiyyət barəsində daha geniş informasiyalar öz əksini tapır. Yəni xüsusi çiplər vasitəsilə verilən informasiya biometrik pasportun yaddaşına yazılır. İnsan da keçid məntəqəsini keçərkən həmin dövlətin müvafiq qurumları bu şəxs barədə daha ətraflı məlumata malik olurlar. Bu isə həm də miqrasiya proseslərinin idarə olunması üçün çox vacibdir. Vətəndaş məsələn, hazırkı xarici pasportla Böyük Britaniyaya viza almaq istəyirsə, bu zaman müvafiq anketi doldurmalıdır. Həmin anketi dolduran zaman əvvəlllər nə vaxtlar viza aldığı və hansı illərdə Böyük Britaniyada olduğu barədə məlumatı da verməlidir. Həmçinin bu vizaların surətini də müvafiq qurumlara təqdim etmək lazımdır. Belə vəziyyət isə insanların həddən artıq vaxtını alır. Biometrik pasportlardakı çiplərdə isə həmin informasiyalar yer aldığından vətəndaş və sərhəd keçid məntəqəsindəki müvafiq qurumlar üçün rahatçılıq yaranır. Azərbaycan vətəndaşı hazırda hətta Gürcüstan sərhədini keçərkən pasport «skan» olunur, möhür vurulur, ölkə ərazisinə daxil olması rəsmiləşir və sənəd vətəndaşa qaytarılır. Bu halda şəxsiyyət barədə bütün informasiyalar yalnız «skan» olunmuş şəkildə kompyuterdəki vətəndaşa aid arxivə köçür. Biometrik pasportlarda tətbiq olunan çiplərdə isə insan haqqında daha geniş informasiyalar verilir».

Rüfət Sultan
Bu xəbər oxucular tərəfindən 1908 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed