Şrift:
Laçın meşələrini qırıb Ermənistana daşıyan ermənilər minaya düşüb
24.11.2012 [14:40] - Xəbərlər, Hadisə
Odunla dolu yük maşını tank əleyhinə minada partlayıb, iki erməni yaralanıb

Azərbaycanın işğal altındakı Laçın rayonundan meşələri qırıb Ermənistana daşıyan ermənilər minaya düşüb. “Kavkazskiy uzel” xəbər verir ki, odunla dolu ZİL-131 maşını Turşu kəndi yaxınlığında tank əleyhinə minaya düşüb və partlayış nəticəsində iki Ermənistan vətəndaşı yaralanıb. Məlumatı Azərbaycanın işğal edilmiş ərazilərində minaların təmizlənməsi ilə məşğul olan Britaniyanın HALO Trust təşkilatının Qarabağ üzrə koordinatoru Qala Danilova verib.

Onun bildirdiyinə görə, bu il ərzində Qarabağda baş vermiş beşinci mina partlayışıdır. Bu partlayışların dördü işğal altındakı Xocavənd rayonunda baş verib və beş nəfər yaralanıb. HALO Trust təşkilatı hazırda işğal altındakı ərazilərdə 140 əməkdaşı ilə fəaliyyət göstərir. Qeyd edək ki, təşkilat əvvəlcə Britaniya hökumətinin ayırdığı qrant hesabına maliyyələşirdi. Lakin rəsmi Bakının çoxsaylı etirazlarından sonra Britaniya hökuməti HALO Trust-a vəsait ayrılmasını dayandırıb. Bununla belə təşkilat erməni diasporundan və digər mənbələrdən əldə etdiyi vəsaitlər hesabına Qarabağda fəaliyyətini davam etdirir.

Laçın rayonunda baş vermiş mina partlayışı isə bir daha Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində təbii sərvətləri necə talan etməsinə diqqəti yönəldir. Laçının işğalından sonra ermənilər onun olduqca qiymətli ağac növlərinin də yer aldığı zəngin meşə ehtiyatlarını kütləvi şəkildə talamağa başlayıblar. Rayon ərazisindəki qırmızı palıd meşələri qırılır və mebel istehsalı üçün qiymətli xammal kimi Yaxın Şərq ölkələrinə, Ermənistana və digər yerlərə satılır. İşğal edilmiş bölgələrdə qızıl ehtiyatlarından sonra ən çox talanan sərvətlər meşələr hesab oluna bilər. Belə ki, Ermənistandan və xaricdən axın edən ermənilər Kəlbəcər, Laçın, Qubadlı və digər bölgələrdən qiymətli ağac növlərini kütləvi şəkildə qıraraq yarımfabrikat şəklində xarici ölkələrə satırlar. Bir neçə il əvvəl Dağlıq Qarabağa səfər etmiş jurnalistlər Laçın rayonunda olan Picənis və Hacışamlı meşəliklərində dünya şöhrətli qırmızı palıdın ermənilər tərəfindən necə qırılıb daşındığını müşahidə etmişdilər. Bu meşəliklərdə qırmızı palıd 4 min hektardan çox ərazini əhatə edirdi, ermənilər neçə illərdir həmin meşələrdən qırmızı palıdı qıraraq şərab çəlləklərinin istehsalı üçün Fransaya satırlar. Bu üzdən nadir meşəlik tükənmək üzrədir. Habelə Laçın ərazisindən irigövdəli qoz ağaclarının kütləvi şəkildə qırılaraq mebel istehsalı üçün İrana satıldığı məlumdur. Yaxud Azərbaycan tərəfində olan məlumatlara görə, Kəlbəcər rayonunda yerləşən, adı “Qırmızı kitabı”a salınmış ayıfındığı növündən ibarət 968 hektar meşə hazırda kütləvi surətdə qırılır və mebel istehsalı üçün Ermənistana göndərilir. Bu meşələr tükənmək üzrədir.

Fərhad MƏMMƏDOV
Bu xəbər oxucular tərəfindən 1230 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed