Şrift:
Erməni mediası Xankəndidə separatçı liderlə Azərbaycan rəsmisinin görüşü (?) barədə təxribatçı məlumat yayıb – danışıq, ya istintaq...
15.02.2021 [14:24] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Erməni KİV-i növbəti dezinformasiyanı tirajlayıb. Həmin məlumatda bildirilir ki, güya Azərbaycan rəsmilərindən kimsə Araik Arutyunyanla görüşüb, müzakirə aparıb. Məlumatda deyilir ki, guya rusiyalı sülhməramlıların rəhbəri Rüstəm Muradovun təşkilatçılığı altında Azərbaycan hökumətinin rəsmisi özünü Dağlıq Qarabağın “prezidenti” kimi təqdim edən Araik Arutyunyanla görüşüb. Görüşdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan da iştirak edib. Tərəflər humanitar xarakterli məsələləri müzakirə edib. Məlumatı “Sputnik Armeniya” agentliyinə Araikin mətbuat katibi Lusine Avanesyan verib. Mətbuat katibi görüşdə danışılanlar barədə "prosesə ziyan vurmamaq üçün" heç nə deməyib. O, Azərbaycan rəsmisinin kimliyini də açıqlamayıb. Deyib ki, istəsə, Azərbaycan tərəfin özü açıqlayar.

Yada salaq ki, Azərbaycanın Baş Prokurorluğu Araik Arutyunyan haqqında cinayət işi qaldırıb və onu axtarışa verib. Bizim bir çox aparıcı KİV isə "Sputnik Armeniya" saytının bu təxribatçı xəbərə xüsusi don geydirdiyini yazıb: "Məlum olub ki, əslində söhbət görüşdən yox, Azərbaycan tərəfinin tələbi ilə Araik Arutyunyandan cinayət faktı üzrə ifadə almaqdan gedir".

Səslənən bu iki versiyadan hansı daha inandırıcı görünə bilər?

Azərbaycan onunla statuslu adam kimi masa ətrafında oturmaz

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın bərabər tərəf-müqabili kimi Araiklə danışıq aparması birmənalı şəkildə mümkün deyil: “Hesab edirəm ki, bizim hüquq-mühafizə orqanları onunla hər-hansı formada görüşə bilər. Bir vaxtlar Yuqoslaviyada qırğınlar törətmiş Miloşeviçlə də danışıqlar aparılırdı. Oradakı pozucu ünsürləri təmizləyəndən sonra məhkəmə işi başladı. Qarabağda tör-töküntü hərbi birləşmələr qalıb. Onlar Ermənistan ordusunun qalıqları deyil. Çünki həmin ordu çəkilib öz ərazisinə. Orada ASALA , PKK kimi terrorçu təşkilatlardan gələnlər olub. Onların yerini, sayını hamıdan yaxşı Araik bilir. Haqqında cinayət işinin qaldırılmasına baxmayaraq, Azərbaycanın müvafiq strukturları onun qarşısında müəyyən tələblər qoya bilər. Məsələn, ondan minalanmış ərazilərin xəritələri alına bilər. Onun nəzərinə çatdırıla bilər ki, bizə lazım olan bəzi addımları atarsa, barəsində müəyyən güzəşt ola bilər. Bizim cinayət qanunvericiliyində də cinayəti törədən şəxsə müəyyən güzəştlərin tətbiqinin mümkünlüyü öz əksini tapır. Belə bir vaxtda o bizə kömək edə bilərsə, onun qarşısında müəyyən şərtlərin qoyulması normaldır. Lakin Azərbaycan onunla statuslu adam kimi masa ətrafında oturmaz. Rəsmi bir şəxs kimi onunla heç bir təmas qurula bilməz. Məqsəd silahların yığılması, separatçıların çıxarılması ilə bağlı təmasın qurulmasından ibarət ola bilər.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 415 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed