Şrift:
Vətən müharibəsində iştirak edən ASC əməkdaşları ordudan tərxis olunub
16.02.2021 [10:54] - Xəbərlər, Hərb
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı işğaldan azad etməsi və Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin 7 əməkdaşı iştirak edib.

ASC-nin Hüquq departamentinin əməkdaşı Ağadadaş Dadaşzadə, İnzibati işlər departamentinin əməkdaşı Səbuhi Novruzlu, Logistika və anbar departamentinin əməkdaşı Nurlan Alxazov, Masallı regional idarəsinin əməkdaşı Vüsal Əliyev, Kürdəmir regional idarəsinin əməkdaşı Samir Həsənov, Tovuz regional idarəsinin əməkdaşı Bayraməli Məmmədov və Şamaxı regional idarəsinin əməkdaşı Asim Cəbrayılov cəbhənin müxtəlif istiqamətlərində gedən döyüş əməliyyatlarında fəal iştirak edərək Vətən borclarını layiqincə yerinə yetirib, nümunəvi xidmətləri ilə fərqləniblər.

ASC-nin əməkdaşlarından bir qrupu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Ağdamın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qoşulan, torpaqlarımızın işğaldan azad olunmasında fəal iştirak edən Aqrar Tədarük və Təchizat ASC-nin əməkdaşları hərbi hissələrdən tərxis olunaraq evlərinə qayıdıblar.

Aqrar Tədarük və Təchizat ASC-nin kollektivi ordudan tərxis olunan və mülki həyata qayıdan iş yoldaşlarını böyük coşqu ilə qarşılayıblar.

Əvvəlcə Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra dövlət himni səsləndirilib.

Görüşdə çıxış edən müharibə iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlara qatılaraq, doğma yurd yerlərimizin düşməndən azad olunmasında iştirak etdiklərinə görə şərəf və fəxr hissi keçirdiklərini bildiriblər.

Sonra Vətən müharibəsi iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 1129 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed