Şrift:
Vətən müharibəsinin daha bir qəhrəmanı ilə tanış olaq – şəhid Rufan Əkbərli
18.02.2021 [11:19] - Xəbərlər, Hərb
Vətən müharibəsinin qəhrəmanlarından olan şəhid Rufan Əkbərli Şəmkir rayonunun Keçili kəndində doğulub boya-başa çatıb. O, ailənin tək övladı idi. Atasız böyüyən Rufan hələ uşaq ikən hərb sənətinə xüsusi marağı olub.

Müəllim ailəsində böyüyən Rufan Əkbərli ailənin tək övladı olmasına baxmayaraq, Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə fəal iştirak edib.

Rufan Elzabit oğlu Əkbərli orta məktəbi Keçili kəndində 2015-ci ildə bitirib, 2016-cı ildə isə həqiqi hərbi xidmətə yola düşüb. Bu zaman Aprel döyüşləri baş verib. Lakin bu döyüşlərdə iştirak etmək ona nəsib olmayıb.

O, uşaqlıqdan zəhmətsevər olub. Babası, birinci Qarabağ müharibəsi qazisi olduğundan ona oxşamaq, onun kimi düşmənlə döyüşmək istəyib.

İbtidai sinif müəllimi işləyən anası Reyhanə Quliyeva Rufanın arzularının çox olduğunu deyir. “İyul hadisələri başlayanda Tovuzun Ağdam kəndinə yollanıbmış. Oraya əsgərlərə dəstək üçün gedibmiş. Sonradan dostlarından eşitdim. General Polad Həşimovun şəhid olmasından sonra Rufan heç cür bir yerə sığmırdı. Ona çox pis təsir etmişdi. O, qisasını Vətən müharibəsində iştirak edərək aldı, onlarla düşməni məhv etdi və özü də şəhid oldu. Fəxr edirəm ki, oğlum bu zirvəyə yüksəldi. Bilirdim ki, o, qazi də olsa, başımı uca edib gələcək”, – deyə şəhid anası söyləyib.

İyirmi üç yaşlı Rufan Vətən müharibəsinə yollanarkən anası ilə görüşə bilməsə də, nənəsi Fatma Aslanova ilə sağollaşa bilib. Nənəsi deyir ki, sanki müharibənin başlaması onun çoxdankı arzusu idi: “Axırıncı dəfə telefonla danışanda mənə dedi ki, məndən narahat olma. Tezliklə Qarabağı azad edəcəyik”.

Müharibədə igidlik göstərən Rufanın döyüş yoldaşları onun qəhrəmanlıqlarından ağızdolusu danışırlar. Döyüş yoldaşlarına hər an yardım əlini uzadar, ailəli hərbçilərə “siz evlisiniz, biz subayıq, qabaqda biz getməliyik” - deyib döyüşə atılardı.

Rufanın şəhid olduğu gün onun döyüş yoldaşı və həmkəndlisi Kənan Səmədzadə yanında olub. “Döyüş vaxtı çox fəallıq göstərib. Əsgər yoldaşlarına qarşı çox mehriban və diqqətli idi. Silahı ilə çox gözəl atəş açırdı. Həmişə deyirdi ki, nə qədər sağam, mənim silahım susmayacaq, düşmənə tərəfə atacaq. Şəhidlərimizin qanını yerdə qoymaq istəmirdi. Deyirdi ki, şəhidlərimizin qanı alınacaq, torpaqlarımız geri qaytarılacaq. Onun özünün də qanı yerdə qalmadı. Onu da biz aldıq...”, – deyə döyüş yoldaşı Kənan Səmədzadə fəxrlə bildirib.

Rufan Əkbərli ölümündən sonra göstərdiyi qəhrəmanlıqlara görə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed