Şrift:
Pərvin Kərimzadə: Sarkisyan Ermənistan hakimiyyətinin terrorçu mahiyyətini etiraf etdi
19.02.2021 [10:59] - Xəbərlər, Qərbi Azərbaycan-İrəvan
Tarixdə ermənilərin öz fikirləri ilə özlərini ifşa etmələri ilə bağlı saysız-hesabsız faktlar var. Növbəti belə bir faktlardan biri Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın “Armnews” telekanalına verdiyi müsahibədə səsləndirdiyi sərsəm fikirlər oldu.

Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Deputat qeyd edib ki, əsas məqsədi Ermənistanın hazırkı hakimiyyətinin başında duran Nikol Paşinyanı ittiham etmək olan Sarkisyan əslində müsahibəsində Ermənistan dövlətinin terrorçu mahiyyətini ifşa etdi. İşğalçı Ermənistan hökumətinin keçmiş prezidenti ölkəsinin müharibə cinayətinə əl atdığını, Azərbaycanın yaşayış məskənlərini raket hücumlarına məruz qoyduğunu, mülki əhalini hədəf aldığını etiraf etdi. Sarkisyan utanmadan, çəkinmədən illər öncəsi müsahibəsində “Xocalıya qədər azərbaycanlılar bizim zarafat etdiyimizi düşünürdülər, biz stereotipləri qırdıq” deyib. Bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən ağır cinayət olan Xocalı soyqırımını törətdiklərini gizlətməyən Sarkisyanın hər kəlməsi sübut edir ki, erməni terrorçularının hədəfi hər zaman mülki əhali, xüsusilə qadınlar və uşaqlar olub. Tarixi faktlar, sübutlar ermənilərin həyata keçirdiyi soyqırımı gerçəklərinin, terror aktlarının gizlədilməsinə əngəl olub.

Pərvin Kərimzadə qeyd edib ki, “İsgəndər” raketindən səmərəli istifadə edib, daha çox mülki əhali qırmağı məqsədəuyğun hesab edən Serj “İsgəndər”dən müharibənin 4-5-ci günü, Azərbaycan Horadiz və digər istiqamətlərdə böyük sayda qüvvə cəmləşdirəndə istifadə etmək lazım idi” deyir. Bu, qondarma “böyük Ermənistan” ideologiyasından bəhrələnən siyasətçinin terrorçu xislətinin əyani göstəricisidir. Nə qədər qəddar, vəhşi olasan ki, insanların kütləvi şəkildə qırğınını planlaşdırasan.

“Siyasi rəqibinin çökmüş nüfuzuna yeni bir zərbə vurmağa çalışan Sarkisyan “İsgəndər” raketinin nə üçün neft-qaz kəmərlərinə atılmadığına irad bildirir. Onun fikrincə, neft-qaz layihələrini hədəfə almaq lazım idi. Keçmiş prezident unudur ki, neft-qaz kəmərləri həm də Avropanın enerji təhlükəsizliyi məsələsidir. Bununla da, Ermənistanın təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün təhlükə olduğunu sübut edir. Gəncəyə, Bərdəyə və döyüş bölgəsindən yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərə raket zərbələrinin məqsədli şəkildə endirildiyini də Sarkisyan müsahibəsində etiraf edir: “...Atəş yaşayış məhəlləsinə açılmışdı, hərbi obyektə yox”. Hətta o, “İsgəndər” raketlərindən doğru-düzgün istifadə edilmədiyinə görə təəssüf hissi keçirir.

Əslində, Serj Sarkisyanın müsahibəsi, sərsəm fikirləri Ermənistanın terrorçu mahiyyətini bir daha təsdiqləmiş oldu.

Dövlət siyasətinin əsas ideologiyası terror, vandalizm olan hakimiyyətin başında kimin Sarkisyanın, Koçaryanın, Paşinyanın, digər ...yanların durmasından asılı olmayaraq erməni vandalizminin, barbarlığının sərhəd tanımadığı tarixi faktlarla sübut edilib. XX əsrin əvvəllərində rus diplomatı general Mayevski "Ermənilərin törətdiyi kütləvi qırğınlar" adlı kitabında ermənilərin tarixinin cılızlığını, riyakarlığını aydın şəkildə qələmə alıb: “Ermənilərin xalq qəhrəmanlığı barəsində bir şey eşidən olubmu? Onların azadlıq uğrundakı mübarizələrinin adları harada həkk edilib? Heç yerdə! Çünki ermənilərin "qəhrəmanları" həmişə öz xalqlarının xilaskarlarından daha çox cəlladı olublar”.

Yaxşı olardı ki, erməni hakimiyyətinin liderləri rus diplomatının 100 il bundan əvvəl verdiyi suallara cavab verəydilər”, - deyə deputat vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 43 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed