Şrift:
Dubaydakı baş konsulumuzun Xocalı soyqırımı ilə əlaqədar ərəb mətbuatında bəyanatı yayılıb
26.02.2021 [10:18] - Xəbərlər, Sosial
Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynovun Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar ərəb mətbuatında bəyanatı yayılıb.

“Mebusiness”, “Masaaraby” və “Misrnn” informasiya portallarında yayılan bəyanatda XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı qırğını, Ermənistanın Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə siyasəti haqqında ətraflı məlumat verilib. Diplomatımız qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanan “Xocalıya ədalət!” kampaniyası bütün dünyada bu faciənin və erməni vəhşiliyinin təbliğində mühüm rol oynayır.

Bəyanatda vurğulanıb ki, Pakistan, Meksika, Bosniya və Herseqovina, Çexiya, İordaniya, Əfqanıstan və digər ölkələrin parlamentləri Xocalı soyqırımını müzakirə edib və onu törədənləri qətiyyətlə pisləyən müvafiq sənədlər qəbul olunub. İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası da Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bundan başqa, Avropa İnsan Haqları Məhkəməsi Xocalı qırğınını xüsusilə təhlükəli müharibə cinayəti kimi qiymətləndirib.

Sonda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızı işğaldan aza edib. “Xalqımız Xocalı şəhidlərinin ruhunu kədərlə anır və beynəlxalq ictimaiyyətdən ikili standartlara yol vermədən cinayətkarların cəzalandırılmasını tələb edir”, -deyə bəyanatda vurğulanıb.
Bu xəbər oxucular tərəfindən 54 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed