Şrift:
İlginc iddia:“Ruslar minalı sahələri göstərə bilərlər, lakin...”
26.02.2021 [16:52] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“...Bunu etmirlər, çünki sülhməramlılar Azərbaycan mülki əhalisinin azad olunan ərazilərə qayıtmasında maraqlı deyil”

“Əslində minalı xəritənin verilməməsi yeni savaş üçün səbəbdir”

“Buna da cavabdeh Rusiya sülhməramlılarıdır”


İkinci Qarabağ müharibəsi ölkəmizin qələbəsi ilə yekunlaşdı. Noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə Ermənistanın məğlubiyyəti rəsmi olaraq təsdiqini tapsa da, qarşımızda böyük işlər durur. Hərb meydanında qələbə qazansaq da, siyasi masada, beynəlxalq tribunada mübarizəmiz davam edir. Dövlətimizin görəcəyi ən önəmli işlərdən biri azad edilən ərazilərimizdə müvafiq tədbirlərin görülməsidir. Məsələn, minalı sahələrin təmizlənmə, quruculuq və abadlıq işləri həyata keçirilməlidir. Lakin Azərbaycan tərəfi nə qədər tələb etsə də, Ermənistan minalı sahələrin xəritəsini verməkdən boyun qaçırır.

Bəzi iddialar görə, Rusiya dövləti minalı sahələrin harada yerləşdiyini bilir.

Bu zaman belə bir sual ortaya çıxır: Ruslar həmin xəritəninin Azərbaycana verilməsini təmin edə bilərlərmi?

Sualımızı cavablandıran Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev “Sherg.az” bildirib ki, ermənilərin belə hərəkəti atəşkəsi pozmağa xidmət edən bir addımdır. Onun sözlərinə görə, ermənilər hərbi büdcələrinin yarısını ərazilərimizi minalamağa sərf ediblər:

Minaların əksəriyyəti göründüyü qədər qaydasız, digər hissəsi xəritə tətbiq edilməklə basdırılıb. Əlbəttə, ruslar istəsələr, bir gündə ermənilərdən minalı sahələrin xəritəsini alıb bizə verə bilərlər.

Lakin bunu etmirlər. Çünki rus sülhməramlıları Azərbaycan mülki əhalisinin azad olunan ərazilərə qayıtmasında maraqlı deyil.

Üçtərəfli bəyanatın bəndlərinin birində göstərilirdi ki, mülki əhalinin qayıtması üçün BMT-nin də funksiyası olmalı və bu qurumun imkanlarından istifadə edilməlidir. Lakin sülhməramlı adı altında bölgəyə yerləşdirilən rus hərbçiləri BMT-nin funksiyalarını mənimsəyiblər”.

F.Quliyev qeyd edib ki, əslində minalı xəritənin verilməməsi yeni savaş üçün səbəbdir:

“Ermənilər belə davranmağa davam edərlərsə, sərt addımlar atmağa məcburuq. Bu zaman atəşkəs üçün öhdəlik götürmüş Rusiya tərəfi diplomatlarımıza cavab verməli olacaqlar.

Nə zaman olur olsun, işğaldan azad edilmiş ərazilərimizi nəzarətimizə götürüb, minalardan təmizləyəcəyik. Lakin ermənilər bu prosesləri ləngidirlər.
Buna da cavabdeh Rusiya sülhməramlılarıdır”.

Yeganə Bayramova/sherg.az
Bu xəbər oxucular tərəfindən 136 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed