Şrift:
Gürcüstanlı jurnalistlər Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında erməni vəhşiliyi ilə tanış olublar
02.03.2021 [12:20] - Gündəm, Siyasət
Ölkəmizdə səfərdə olan gürcüstanlı media nümayəndələri, həmçinin tarixçi və ekspertlərdən ibarət heyət Cəbrayıl rayonu ərazisindəki tarixi Xudafərin körpüsündə, Zəngilan və Qubadlı rayonlarında olublar.

Əvvəlcə Xudafərin körpüsünə gedən media nümayəndələri həm Azərbaycan memarlığının bu unikal abidəsini, həm də yaxınlıqdakı Xudafərin kəndində erməni vandalizmini lentə alıblar. Məlumat verilib ki, ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və sair xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının universal dəyərli abidələridir. Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri on beş, digəri on bir aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir.

Zəngilan rayonuna gələn media nümayəndələri Məmmədbəyli kəndindəki XIV əsrə aid türbə ilə tanış olublar. Məlumat verilib ki, türbənin üzərindəki kitabədə onun hicri tarixi ilə 704-cü ildə (miladi 1305-ci il) Yəhya ibn Məhəmməd əl-Hacın məzarı üzərində tikildiyi bildirilir. Ermənilər abidəni kilsə kimi qələmə versələr də, üzərindəki ərəb əlifbası ilə yazılmış kitabə tikilinin türbə olduğunu sübut edir. Azərbaycanın tarixi abidələrinə qənim kəsilər ermənilər Məmmədbəyli türbəsinin də bir tərəfini dağıdıblar.

Səfər çərçivəsində Qubadlı rayonuna da gələn gürcüstanlı media nümayəndələri burada dağıntıya məruz qalan tarixi tikililər və yaşayış məntəqələri ilə tanış olublar.

Qeyd edək ki, gürcüstanlı media nümayəndələri, həmçinin tarixçi və ekspertlərdən ibarət heyətin işğaldan azad edilmiş ərazilərimizə səfəri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Gürcüstandakı səfirliyimizin təşkilatçılığı və dəstəyi ilə təşkil olunub. Gürcüstan heyətinin tərkibinə “Pirveli TV”, “Mtavari Arkhi”, “Imedi TV”, “POS TV” kanallarının jurnalistləri, tarixçi və ekspert daxildir.
Bu xəbər oxucular tərəfindən 50 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed