Şrift:
Beynəlxalq elmi arenada gənc alim Nuran Abdullayevin tədqiqatlarına istinadların sayı Azərbaycanı layiqli təmsil deməkdir
04.03.2021 [11:50] - Gündəm, Sosial
Dünyanın tibb sahəsində ixtisaslaşmış nüfuzlu elmi nəşrləri tərəfindən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayevin elmi tədqiqatlarına istinadların sayı 400-ü ötüb.

N.Abdullayev tədqiqatlarına nüfuzlu jurnallar, o cümlədən beynəlxalq arenada tanınmış elm adamları tərəfindən ən çox istinad olunan ilk gənc azərbaycanlı alimdir.

Belə ki, ölkəmizi Avropada, eləcə də dünyada layiqincə təmsil edən gənc alimlərimizdən biri də həmyerlimiz Nuran Abdullayevdir. Almaniyada fəaliyyət göstərən soydaşımız gənc olmasına baxmayaraq tibb sahəsində bir çox yeniliklərə imza atıb. Azərbaycanlı alim kimi elmi arenada kifayət qədər nüfuz qazanan N.Abdullayev, həmçinin cəmiyyətin maariflənməsi istiqamətində də aktiv fəaliyyət göstərir.

N.Abdullayev neyroradiologiya və insult xəstələrinin müalicəsi sahəsində gətirdiyi yeniliklərlə tibb elminə öz töhfəsini verməkdədir və o, məhz bununla Azərbaycanın tibb tarixində bir ilkə imza atıb.

Onun müxtəlif mövzular əsasında apardığı onlarla elmi tədqiqatı dünyaca məşhur tibbi ekspertlər tərəfindən qəbul edilib, dünyanın ixtisaslaşmış nüfuzlu jurnallarında dərc olunub və hələ də dərc olunmaqdadır.

Bu elmi tədqiqatlara olunan yüzlərlə istinadlar isə həmin elmi işlərin yüksək səviyyədə və dəqiqliklə ərsəyə gəlməsindən irəli gəlib. Bu da bir azərbaycanlı gənc alimin təkcə yeni elmi məlumatları dərc etməsi demək deyil, eyni zamanda elmdə istiqamətləndirici yol göstərən bir mövqedə durması deməkdir.

Xatırladaq ki, Nuran Abdullayevə olan istinadların reytinq səviyyəsinə görə onun elmi tədqiqatları çap edilən jurnalların son illərdə beynəlxalq arenadakı elmi səviyyəsini müəyyən edən impakt faktorlarında nəzərə çarpacaq qədər yüksəlmə qeydə alınıb. Bu da bir daha gənc azərbaycanlı alimin komandası ilə birgə etdiyi elmi tədqiqatların səviyyəsindən bəhs edir.

N.Abdullayev yeni növ koronavirus infeksiyası ilə bağlı dünyada elmi tədqiqatı çap edilən ilk azərbaycanlıdır.
Bu xəbər oxucular tərəfindən 233 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed