Şrift:
Fərəc Quliyev:Siyasi palitrada təmərküzləşməni təqdir edirəm
06.03.2021 [21:04] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Sabah hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbəti Qurultayı keçiriləcək. Qurultay öncəsi Azərbaycan Xalq Demokratik, Yurddaş, Demokratik Sahibkarlar və Milli Qurtuluş partiyaları bəyanat yayaraq, YAP-a qoşulduqlarını bildiriblər. Bundan başqa, daha bir neçə siyasi təşkilatın da YAP-a birləşmək üçün müraciət etdiyi barədə məlumatlar var.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, sabiq millət vəkili Fərəc Quliyev Yenisabah.az-a açıqlamasında bir sıra partiyaların YAP-a birləşməsinə münasibət bildirib.

O qeyd edib ki, bir çox partiyalar YAP-la bir araya gəlmək, birgə fəaliyyət göstərmək istəyirsə, bu, alqışlanmalı haldır:

"Əvvəla Yeni Azərbaycan Partiyasına sabahkı Qurultayda uğurlar arzulayıram. Biz ölkədə rəqabəti düşmənçilik olaraq görmürük. Biz düşünürük ki, siyasi palitrada yalnız zehniyyət savaşı olmalıdır, alternativlər verməyi bacarmalısan, ölkəni daha da irəli aparmaq yarışına çıxmalısan. Adamların şəxsiyyətinə qarşı, toparlanmış cəmiyyətə, siyasi təşkilatlara qarşı mübarizədə kin, küdurət, düşmənçilik olmamalıdır. Bu mənada, onların işlərində uğurlar arzulayıram. Üstəlik 44 günlük müharibədə olan uğurlar iqtidar partiyasının, onun sədri olan Prezident İlham Əliyevin adına yazılmalıdır. Buna görə hesab edirəm ki, onlara ikiqat uğurlar arzulamağa dəyər. Əlbəttə ki, təmərküzləşmə prosesi mühümdür. Bir çox partiyalar YAP-la bir araya gəlmək, birgə fəaliyyət göstərmək istəyirsə, bu, alqışlanmalı haldır. Amerika kimi böyük dövlətlərdə əsasən iki partiya yarışır. Xüsusi olaraq Demokratlarla Respublikaçıların yarışını görürük. Azərbaycanda da təmərküzləşmə elə getməlidir ki, oxşar istəkləri həyata keçirən partiyalar bir yerdə fəaliyyət göstərə bilsinlər. Bu, mümkündür. Bu, cəmiyyət üçün də aydınlıq gətirər, gələcəkdə proporsional sistemdə seçkilər keçirilərsə, zehniyyət savaşı meydana çıxar. Fərdi, mojaritar qaydada seçkilərə qatılan insanlar partiya siyahıları üzrə seçkiyə qatıla bilərlər və ona qədər partiyada özlərini təsdiq etmək imkanları qazanarlar. Beləliklə də partiyanın içində daxili yarışmalar baş verər və sair. Mən təmərküzləşmənin tərəfdarıyam. Bu, partiyaların seçimidir. Hesab edirəm ki, bundan sonra iqtidar-müxalifət münasibətlərində də fərqli yanaşmalar olacaq. Ola bilər ki, müxalifət daxilində də bu cür təmərküzləşmə bir nümunə olsun və getsin. Misal üçün, müxalifət partiyaları bir partiya ətrafında birləşməsi mümkün olmasa belə, bir neçə partiyanın birləşməsi mümkündür. Ola bilər ki, həmin tendensiya müxalifətdə də davam eləsin”.

Korrupsiya və rüşvətxorluğa, vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə həbs olunan bəzi YAP üzvlərinin partiyanın nüfuzuna xələl gətirməsinə gəlincə, MDHP sədri deyib ki, bu hallar ictimaiyyətdən gizlədilməyib, qanunu pozanlar hüquqi məsuliyyətə cəlb olunublar:

"YAP hakimiyyətdədir və üzvlərini müəyyən yerlərdə iş başına gətirib. Bu normal bir şeydir, iqtidarda olan partiya öz üzvlərinin məmur kimi haradasa çalışmasını təmin edib. Söhbət hüquq-mühafizə orqanlarından, məhkəmələrdən getmir. Amma digər yerlərdə adamların təyinatı normaldır. Korrupsiyanın olması təbii ki, partiyanın nüfuzuna xeyli xələl gətirib. Partiyada da bununla bağlı açıqlamalar verilir. Partiyaya xələl gətirmiş indiki və eks məmurların böyük ehtimalla uzaqlaşdırılması prosesi gedəcək. Digər partiyalar da yəqin ki, YAP-a qoşulmaqla partiyanı daha sanballı kadrlarla təmin edəcəklər".

Əsmətxanım RZAZADƏ
Bu xəbər oxucular tərəfindən 258 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed