Şrift:
Martın 14-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qəbul imtahanları keçiriləcək
12.03.2021 [11:36] - Xəbərlər, Bildiriş
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 14-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V, VI, VII, VIII və IX sinfinə qəbul imtahanları keçiriləcək.

Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, şagirdlər və ya valideynlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edə bilərlər.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı yanvarın 15-dən fevralın 28-dək aparılıb. İmtahanlarda ümumilikdə 3074 şagirdin iştirak edəcəyi nəzərdə tutulur.

İmtahanlar Bakı (Yasamal, Binəqədi, Xətai, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ rayonlarında), Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şirvan, Salyan və Lənkəran şəhərlərində təşkil olunacaq. İmtahanlar saat 12:00-da başlanır. İmtahan binasına buraxılış saat 11:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-şəxsiyyət vəsiqəsi;

-təhsil aldıqları məktəb tərəfindən verilən şəkilli arayış (arayışda şagirdin neçәnci sinifdә tәhsil aldığı da göstәrilir, arayışa şagirdin 3x4 ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir);

- “İmtahana buraxılış vərəqəsi”;

-“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamə “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və imtahan günü şagirdin valideyni (qanuni nümayəndəsi) tərəfindən imzalanır.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub. İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə DİM-in saytında tanış olmaq mümkündür.

Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

- Azərbaycan dili;

- Riyaziyyat.

Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir. İmtahanların keçirilməsi üçün 16 imtahan binası ayrılıb. İmtahanların idarə olunmasına 35 imtahan rəhbəri, 16 ümumi imtahan rəhbəri, 319 nəzarətçi-müəllim, 32 buraxılış rejimi əməkdaşı ayrılıb. İmtahan iştirakçılarının nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim ediləcək. Yüksək nəticə göstərmiş namizədlər Dövlət Sərhəd Xidməti tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar.
Bu xəbər oxucular tərəfindən 346 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed